Daim başı ağrıyanların nəzərinə: bu, xəstəlikdir, yoxsa...? - VİDEO

“Baş ağrısı ən çox rast gəlinən şikayətlərdən biridir”.

 

Ailem.az-ın məlumatına görə, bunu APA TV-nin "Öncə sağlıq" proqramında nevroloq, tibb elmləri doktoru, professor Sədaqət Hüseynova deyib.

 

Mütəxəssis bildirib ki, baş ağrısı həm nevroloqların, həm də praktik həkimlərin günlük fəaliyyətlərində ən çox rast gəlinən şikayətlərdəndir. Həkim qeyd edib ki, Danimarkada yerləşən Baş Ağrıları Cəmiyyətinin mütəxəssisləri tərəfindən baş ağrılarının 160 növü aşkar edilib. Baş ağrıları birincili və ikincili olmaqla iki yerə bölünür. Birinci növ baş ağrısı özü elə xəstəlik hesab olunur. Yəni xəstənin əsas şikayəti yalnız baş ağrısı və onu müşayiət edən digər simptomlarla bağlı olur. Yəni birinci növ baş ağrıları zamanı aparılan müayinələr nəticəsində baş beyində, sinir sistemində heç bir dəyişiklik aşkarlanmır. İkinci növ baş ağrısı isə bir sıra ciddi, kəskin xəstəliklərin, beyin-damar, travmatik, şiş xəstəliklərinin ilkin simptomları kimi meydana çıxır. 

 

Nevroloq deyib ki, birinci növ baş ağrılarına bütün dünya əhalisinin təxminən 70-80 faizində təsadüf olunur və bu tip baş ağrıları bütünlükdə baş ağrılarının 97-98 faizini təşkil edir: “Bu ağrılardan əziyyət çəkənlər ətraflı müayinə olunsalar, beyində hər hansı dəyişiklik aşkarlanmır. İkinci növ baş ağrıları isə, heç də hər bir həkimin fəaliyyətində gündəlik rast gəlinən baş ağrıları deyil. Bu təxminən bütün baş ağrılarının 2-3 faizini təşkil edir”. 

 

Onun sözlərinə görə, birinci növ baş ağrılarına miqren, gərginlik və klaster baş ağrıları daxildir: "Klaster baş ağrısı, 100 000 nəfərdən birində rast gəlinən baş ağrısı növüdür. Onun əsas əlamətləri göz alması və gicgah nahiyəsində güclü ağrılarla özünü büruzə verir. Bu ağrı növü daha çox kişilərdə rast gəlinir”.

 

Sədaqət Hüseynova əhali arasında miqren baş ağrılarına geniş təsadüf olunduğunu vurğulayaraq deyib ki, aparılan araşdırmalar nəticəsində belə qənaətə gəlinib ki, miqren üçlü sinirin vaskulyar sisteminin birdən-birə kəskin qıcıqlanması, beyin damarlarının kəskin genişlənməsi nəticəsində baş verir: “Beyin toxumasında olan hər hansı patoloji dəyişiklik ağrı ilə müşayiət olunmur. Amma damarların genişlənməsi zamanı damar divarlarında olan ağrı reseptoru qıcıqlandığına görə bu tipli ağrılar baş verir”.

 

Nevroloq gərginlik baş ağrılarını emosional gərginliklə bağlı olan hal adlandırıb. Onun sözlərinə görə, bu halda sinir sistemində həssaslığın artması, ənsədə, başı əhatə edən əzələlərdə gərginlik yaranması ağrılara səbəb olur.

 

Həkim onu da deyib ki, baş nahiyəsində olan ağrıların bir qismi nevrolgiyalarla bağlı olur.

 

Nevroloq deyib ki, əsasən səhər başlanan gərginlik baş ağrısı yüksək həddə çatmır.

 

Sədaqət Hüseynova miqrenlə klaster baş ağrısı arasındakı fərqə də toxunub: "Miqren baş ağrısı sutkanın istənilən vaxtında tuta bilər. Klaster baş ağrıları isə adətən yuxu rejimi, iş qrafiki pozulduqda, aviauçuşlar zamanı saat qurşaqlarının kəskin dəyişməsi hallarında baş verir. Miqren günün istənilən saatında baş qaldıraraq, 2-3 saatdan 3 sutkaya qədər davam edə bilər. Analgetiklərdən istifadə çox hallarda miqren baş ağrılarını aradan qaldırmır”.

 

Nevroloq hesab edir ki, əgər ağrı insanın həyat fəaliyyətini pozmursa, analgetiklərdən istifadədən qaçmaq lazımdır: "Analgetiklər ağrını kəsirsə, mədə-bağırsaq sistemində pozğunluğa səbəb olur. Çoxlu analgetikin qəbulu başqa tipli baş ağrıları da yarada bilər. Dərmanların ifrat qəbulundan abuzus tipli baş ağrısı meydana gəlir".    

 

S. Hüseynova baş ağrılarının müalicəsi haqda danışarkən bildirib ki, ən çox rast gəlinən miqren baş ağrısının müalicəsi iki istiqamətdə aparılır. Birinci istiqamət miqren tutmalarının aradan qaldırılmasına, ikinci istiqamət isə miqrenin müalicəsinə, onun xronikləşməsinin profilaktikasına yönəlir. Əgər ağrılar orta dərəcədədirsə, bu zaman analgetiklər, iltihab əleyhinə qeyri-steroid analgetiklərdən istifadə etmək olar".

 

Həkim vurğulayıb ki, əgər miqren tutmaları tez-tez baş verirsə, bu zaman miqren əleyhinə olan preparatlarından istifadə etmək mümkündür: "Bir tabletin qəbulu tutmanın vaxtını qısaldır və təkrarlanmanın qarşısını alır. Əgər ayın 15 günü insanda miqren tutması varsa, bu halda o profilaktik müalicəyə cəlb olunmalıdır”.

 

Onun sözlərinə görə, ikinci yerdə tövsiyə olunan preparatlar antidepressant preparatlarıdır: “Bu gərginlik baş ağrısının müalicəsində geniş istifadə olunur”.

 

Nevroloq deyib ki, baş ağrılarının müalicəsində medikamentoz müalicə ilə yanaşı həm də qeyri-medikamentoz, fizioterapevtik müalicə üsullarından da istifadə olunur: "Belə müalicə üsulları arasında maqnit, elektrik müalicəsi, manual terapiya, masaj geniş yer tutur".

 

S.Hüseynova baş ağrılarının müalicəsində istifadə olunan botoks preparatları, bu müalicənin müsbət tərəfləri haqda da danışıb. O, botolina terapiyanın miqren və gərginlik baş ağrılarının müalicəsində xüsusi yerinin olduğunu deyib. Bu preparatlar gərginləşmiş əzələlərin boşalmasını şərtləndirən preparatlardır. Gərginlik və miqren baş ağrılarında onun effekti 15 gün ərzində özünü göstərir.

 

Mütəxəssis bəzi hallarda botolina terapiyanın əks göstəriş hesab olunduğunu da açıqlayıb. Bu, hamiləlik, süd vermə dövründə, sinir-əzələ keçiriciliyinin pozulması hallarında əks göstəriş sayılır.

 

Baş ağrılarını provokasiya edən amillərin olduğunu vurğulayan həkim bu sırada  bəzi qida məhsullarının adını çəkib. Eyni zamanda fiziki gərginlik, yetərsiz yuxu, izafi yuxu, stress, hormonal pozğunluq, xarici mühit, eləcə də soyuq faktorlarının baş ağrısı tutmalarına, kəskinləşməyə səbəb olduğunu açıqlayıb.

 

Beynin-damar xəstəlikləri ilə bağlı olan ağrıların tamamilə fərqli xüsusiyyətə malik olduğunu deyən həkim qeyd edib ki, bu kimi hallarda heç zaman müşahidə olunmayan, birdən-birdə kəskin ağrıları yaranır: “Birdən-birdə ildırım çaxmasına bənzər bir baş ağrısı olursa, bu zaman beyinə qan sızmasından, digər ciddi problemlərdən şübhələnməyə əsas var. Ümumiyyətlə, heç zaman başı ağrımayan insanda intensivliyə görə inkişaf edən baş ağrısı meydana gəlirsə, bu, təhlükəli bir siqnaldır”...

 

LENT

21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017