Birlik sədri: “Döyülən qadın ərinin qorxusundan şikayət etmir”

“Bu yaxınlarda, sığınacağımıza iki qadın yerləşdirilib. Onlardan biri döyülmə faktı ilə gəlib, amma qorxusundan şikayət etmir. Çünki yoldaşı onu hədələyir. Digər xanımın isə ev problemi var. Ərindən boşanıb, amma bir müddət qayınanası ilə eyni evdə qalıblar. Qayınana bir müddət uşaqlara görə onları evdən çıxarmayıb. Amma son zamanlar onları yola vermir ki, evdən çıxsınlar. İndi həmin xanım iki uşağı ilə bizə yerləşdirilib”.

 

Bu məlumatı Ailem.az-a Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova verdi.

 

M.Zeynalova deyir ki, qadınların əksəriyyəti məişət zorakılığı ilə bağlı onlara müraciət edir: “Hazırda sığınacağımızda təxminən 40-a yaxın qadın var. Onlardan 22-i uşaqla qalır. 17-si isə tək anadır. Biz sığınacağa polisə müraciət edən, döyülən, yaxud çıxılmaz vəziyyətdə qalan qadınları götürürük. Amma kiminsə mənzil problemi varsa, kirayə yaşayırsa, belə adamları götürmürük. Lap əlahiddə hal olanda, məsələn, qucağında bir neçə aylıq körpə uşağı olanda ananı götürürük. Bizdə həmçinin 2 nəfər yaşlı qadın var. Biri 54 yaşlı bomjdur. Bizdən xahiş etdilər ki, onu sığınacağa götürək, çox pis vəziyyətdə idi. Onun ailəsini axtarırıq. Digərinin isə 77 yaşı var və sənədləri yoxdur. Onun da sənədlərini hazırlayırıq. Sığınacaqda eyni kontingent uzun müddət qala bilməz. Bizə müraciət edənlərlə bağlı problemləri həll edirik və o gedir. Belə olmasa, sığınacaqda illərlə qalarlar ki, evim yoxdur, təhlükəm var və sair. Bu qarşılıqlı iş prosesində həyata keçirilir. Məsələn, 70 yaşlı qadın var idi ki, övladları onu qəbul etmirdi, küçədə qalmışdı çarəsiz vəziyyətdə idi. Yəni bu cür hallarda danışıqla həll etmək olur”.

 

Onun sözlərinə görə, sığınacağa sığınanlara qida, geyim, tibbi, psixoloji yardım, peşə kursuna göndərmək, işləyən insana iş tapmağa kömək etmək kimi xidmətlər göstərilir: “Burada təbii ki, dövlət qurumları ilə işləmək də vacibdir. Məsələn, Səhiyyə Nazirliyi sağlamlıq məsələlərinə baxır, Sosial Müdafiə Nazirliyi peşə kursu ilə bağlı məsələni həll edir, Təhsil Nazirliyi burada olan uşaqların təhsili ilə bağlı məsələyə köməklik göstərir. Buradaki uşaqların hamısı təhsilə istiqamətləndirilib və oxuyurlar. Həmçinin hüquqşünaslar, psixoloqlar da yardım göstərir”.

 

M.Zeynalova bildirir ki, qadınların şikayət etdikləri şəxs hüquq mühafizə orqanları tərəfindən araşdırılır: “Burada qadının həyatına təhlükə varsa, ona hansısa xəsarət yetirilibsə, o zaman cinayət işi qaldırılır və onunla bağlı cinayət tədbiri həyata keçirilir. Əgər fakt təsdiq olunursa, həmin şəxs həbs olunur”.

 

 

LENT

12 Dekabr 2017
11 Dekabr 2017
09 Dekabr 2017
08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017