Baş anestezioloq: "Cərrah bıçağı əlinə alaraq, “Mən əsasam", - deyir" - MÜSAHİBƏ

Ailem.az Səhiyyə Nazirliyinin baş anestezioloq-reanimotoloqu, Sertifikasiya Şurasının İxtisas Komissiyasının sədri Aydın Qədirovun APA-ya müsahibəsini təqdim edir.

 

- Azərbaycanda anesteziologiya-reanimatologiya sahəsində mövcud vəziyyət necədir?

 

- Anesteziologiya və reanimatologiya tibdə sonradan yaranan kompleks bir sahədir. Hələ orta əsrlərdən, qədim dövrlərdən cərrahi müdaxilənin aparılması, onun metodikası işlənib hazırlanıb. Lakin xəstələrin əməliyyatdan uğurla çıxması çox az faizlə əhatə olunurdu. Əməliyyat vaxtı xəstələrin ağrısızlaşdırılma metodları olmadığından, bəzən bu iş primitiv şəkildə icra olunduğuna görə insanlar əməliyyat vaxtı şokdan ölürdü. Həmin dövrdə əməliyyatlar planlı sürətdə yox, xəstələrin ağır vəziyyətdə, travma ilə xəstəxanaya gəlməsi nəticəsində təcili icra olunurdu. Ona görə insanların çoxu əməliyyat stolunda və yaxud sonradan şokdan ayılmadığı üçün ölürdü. İkincisi səbəb qanaxma məsələsi idi. Əməliyyatda qanaxmaya qarşı mübarizə tədbirləri aparılmırdı. Bu  zaman qanın rezus faktorları, qrupları bilinmirdi, itirilmiş qanı əvəz etmək mümkün olmadığı üçün xəstələr qanaxmadan ölürdü.

 

Üçüncü məsələ isə infeksiyalarla bağlı olurdu. Əvvəlki dövrlərdə mikroblar, onların hansılarının irin törətməsi haqqında məlumat yox idi. Xəstələrin əksəriyyəti irinli-iltihablı proseslərdən ölürdü.

 

1848-ci il oktyabrın 16-da efir narkozunun tətbiq edilməsi ilə anesteziologiyanın əsası qoyulub və bu tarixi gün həmin dövrdən qeyd olunur. XX əsrin ortalarına qədər anesteziologiya-reanimatologiya sahəsi üzrə həkimlər yox idi. Həmin dövrə qədər həkimlər əməliyyatlarda müxtəlif vasitələrdən primitiv şəkildə istifadə ediblər. Artıq XX əsrdə farmakologiya, biokimyanın, texnologiyaların inkişafı nəticəsində anesteziologiya-reanimatologiya sahələri genişlənib və ayrıca ixtisas kimi formalaşıb.

 

Anesteziologiya-reanimatologiya təbabətin bütün sahələrində tətbiq edilir. Bu gün səhiyyənin elə bir sahəsi yoxdur ki, orada anestezioloq-reanimatoloqa ehtiyac olmasın. Hər bir xəstəxanada anestezioloq-reanimatoloq mütəxəssisləri var və şöbələr yaradılıb.

 

Bu gün cərrahiyyə əməliyyatları anesteziologiyanın yaratdığı imkandan kənara çıxa bilməz. Əməliyyatları anestezioloqlarsız icra etmək mümkün deyil. Çünki bütün əməliyyatların aparılması üçün anesteziologiya metodları tətbiq olunur. Anesteziologiya çox dar sahələrdə inkişafa başlayıb və müxtəlif sahələşmələr var.

 

- Bu mövcud sahənin əsas prinsipləri nədir, burada mövcud problemlər və qarşıda həlli gözlənilən işlər nədən ibarətdir?

 

- XX əsrin əvvəllərinə qədər anesteziologiya sahəsində belə bir prinsip vardı ki, xəstə əməliyyat travması şokuna düşməsin. İndi isə yanaşma belədir: əməliyyat zamanı xəstənin 6 hissiyyatının - ağrı, görmə, eşitmə, taktil, lamisə və qoxu hisslərinin heç biri iştirak etməməlidir. Çünki xəstələrin əksəriyyəti əməliyyatdan yox, əməliyyat ağrısı və narkozdan qorxurlar. Ona görə də müasir dövrdə anesteziologiya-reanimatologiya sahəsi əməliyyat vaxtı olan ağrını, hətta insanda olan bütün hissiyyatları ləğv etməklə məşğuldur. Bundan əlavə, anesteziologiya-reanimatologiya sadəcə, əməliyyat vaxtı xəstəni ağrısızlaşdırma ilə yox, pozulmuş funksiyaların bərpası ilə məşğuldur.

 

Bu gün ölkədə mürəkkəb əməliyyatların aparılması və bu sahənin gündən-günə genişlənməsi müasir texnologiyaların tətbiqindən, həkimlərin səviyyəsindən asılıdır. Əgər haradasa ağır və mürəkkəb əməliyyatlar uğurla icra olunursa, onun arxasında anestezioloq-reanimatoloqun əməyi durur. Əgər bu sahə yerində olmasa heç bir əməliyyat uğurla keçə bilməz.

 

Cəmiyyətdə və internetdə olan məlumatlara görə, əməliyyat zamanı ancaq cərrahların, ginekoloqların, terapevtlərin və digər həkimlərin işləri əsas götürülür. Əslində mövcud qaydaya əsasən, bütün əməliyyatlar anesteziologiyanın verdiyi imkan çərçivəsində ə aparılmalıdır. Artıq konkret patologiyalarla əlaqədar anesteziologiya-reanimatologiya inkişaf edib. Əvvəllər yalnız bir dərmanla narkoz verilirdi. İndi isə baş beynin bütün şöbələri anestezioloqlar tərəfindən öyrənilir və hansı dərmanın hansı nahiyədə istifadə olunması müəyyənləşir. İstənilən hüceyrəyə, toxumaya təsir edən konkret dərmanlar müəyyənləşib.

 

Anestezioloq-reanimatoloqların vəzifəsi həyatı vacib orqanların funksiyasını öyrənmək, imkanlarını qiymətləndirmək, müvafiq tədbirlər görməkdən ibarətdir. Reanimatologiya isə adından göründüyü kimi təzədən canlandırma anlamını verir. Biz artıq hər bir xəstəlikdən əmələ gələ bilən fəsadın, kritik həddin qarşısını alırıq. İndiki dövrdə bütün xəstəxanalarda anesteziologiya-reanimatologiya şöbələri yaradılıb. Hətta kiçik müəssisələrdə stasionar xidmət varsa, anestezioloq-reanimatoloqlar mütləq olmalıdır. Əks halda həmin müəssisə fəaliyyətini dayandırmalıdır.

 

Bu sahədə mövcud olan problemlərdən biri də elə kadrların hazırlığı məsələsidir. İndiki dövrdə hər bir həkimin istər Bakıda, istərsə də rayonlarda fəaliyyət göstərməsi, ixtisasını artırması üçün hər bir imkan yaradılıb. Həkimlərin tibbi biliklərini artırması üçün internetə hazır referatlar qoyulur. Kadr hazırlığında yüksək nailiyyətlər, inkişaf var. Sadəcə olaraq, bu sahədə maraq və tələbat da olmalıdır.

 

Əgər hər bir tibb müəssisəsinin strukturunda anesteziologiya-reanimatologiya sahəsi varsa, xəstələr geniş formatda qəbul olunursa, orada maddi-texniki baza yetərində olmalı, təhlükəsizlik tədbirləri təşkil olunmalıdır. Əgər bunlar yoxdursa, həkimlərin potensialı yüksək olsa da, həmin müəssisələrin fəaliyyəti dayandırılır. Çünki anesteziologiyada, narkozun verilməsində təhlükəsizlik tədbirləri düzgün qurulmalıdır.

 

- Bu gün ölkədə bu sahə üzrə nə qədər mütəxəssis var və onların səviyyəsi, iş prinsipləri sizi qane edirmi?

 

- Hazırda ölkədə 1200-ə yaxın anestezioloq-reanimatoloq var. Bundan başqa, bu gün hazırlıq mərhələsində olan rezidentlər təhsil alırlar. Lakin ölkədə rəsmi sürətdə qeydiyyata alınmayan anestezioloq-reanimatoloq həkimlər də fəaliyyət göstərir. Onlar düzgün şəkildə sənədləşmə aparmayıblar. Həkim fəaliyyəti ilə məşğul olmaq üçün müqavilə bağlanmalı və hər bir mütəxəssisin öz ixtisası çərçivəsində sənədi olmalıdır.

 

Təbii ki, bəzi rayonlarda mütəxəssis çatışmazlığı da müşahidə edilir. Bu gün təbabətdə müasir yanaşma ilə əlaqədar olaraq çox yerdə - əsasən rayonlarda anesteziologiya-reanimatologiya üzrə vakant yerlər var. Onları zamanla doldurmağa çalışırıq. Kadrların səviyyəsinə gəlincə, SSRİ dövründə yerli həkimlərin xarici mütəxəssislərin səviyyəsi ilə tanış olmaq imkanı yox idi. İndiki dövrdə isə istənilən kəs istənilən ölkəyə gedib əlavə məlumatlar ala bilər.

 

Böyük şəhərlərdə aparılan istənilən cərrahiyyə əməliyyatlarında anestezioloq-reanimatoloqlar iştirak edir. İnsan psixologiya belədir, bəzən 100 yaxşını yox, 1 pisi görürlər. Əgər ölkədə əməliyyatlar uğurla icra edilirsə, bu daha çox anestezioloq-reanimatoloqlarlardan asılıdır. Ən ağır xəstələr əməliyyat olunduqdan sonra müəyyən müddət reanimasiyada yatır. Reanimasiyanın isə öz prinsipləri var ki, bunu da reanimatoloqlardan başqa kimsə düzgün görə bilmir.

Ona görə də çalışıram ki, bu sahəyə kənardan başqa sahənin mütəxəssisləri müdaxilə etməsin. Müdaxilə olunduqda düzgün yanaşma, taktika olmur və nəticədə xəstə ağırlaşa bilər. Xəstə müəyyən qədər yaxşılaşandan sonra ona müəyyən müdaxiləni etmək olar. Hər bir xəstəni əməliyyata götürüldükdə orada anestezioloji risk formalaşır. 5 dərəcədə olan risklərdə I ən yüngül, V isə ən ağırdır, sonuncu insanların ölümünə səbəb ola biləndir. Xəstənin riskini şöbənin, anestezioloqun və həkimin professionallıq dərəcəsi yox, məhz ağırlıq dərəcəsi müəyyənləşdirir. Xəstənin anestezioloji riskini müəyyənləşdirən həkimi bu sahənin texnologiyası yox, xəstənin ağırlıq dərəcəsi maraqlandırır. Bu işlə də məhz anestezioloq-reanimatoloq məşğul olur. 

 

- Bir çox hallarda xəstələr xəstəxanaya daxil edildiyi ilk gün əməliyyata alınır və bu da onun psixoloji durumunda müəyyən problemlər yaradır. Sizin fikrinizcə, xəstə əməliyyatdan öncə nə qədər bu prosesə öyrəşdirilməlidir? Xəstə əməliyyata alınmadan öncə hansı şərtlərə mütləq əməl olunmalıdır?

 

- Xəstə ağır vəziyyətdə gəldikdə onu birinci növbədə əməliyyata hazırlamaq lazımdır. Hazırlığın özü də müəyyən qiymətləndirmədən keçməlidir. Müəyyən hallarda anesteziologiya-reanimatologiya sahəsinin prinsipləri pozulur. Çox vaxt cərrahların özü anestezioloq-reanimatoloqlara müəyyən çərçivədə imkan vermirlər ki, onlar xəstə ilə sona kimi məşğul olsunlar.

 

Stasionara gələn xəstənin diaqnozu məlumdursa, mütləq həyatı bacarıqlı orqanların funksiyalarının səviyyəsi anesteziologiya üçün öyrənilməli, əməliyyatdan öncə bütün müayinələr aparılmalıdır. Bəzən cərrahlar xəstənin sağlam olduğunu deyərək müayinələr aparılmasına ehtiyac görmür. Nəticədə də fəsadlar əmələ gəlir.  

Ən yaxşı anestezioloq əməliyyatdan öncə xəstənin vəziyyətini qiymətləndirməyi bacarmalı, mane olan amillərin kənarlaşdırılmasına gücü çatmalı, xəstənin normal aspektdə müayinəsini tələb etməlidir. Xəstə əməliyyatdan qabaq mütləq hazırlıqlı olmalıdır. Hər bir kəs diş çəkməkdən tutmuş, ürək probleminə kimi əməliyyatdan qorxur. Qorxmayan 2 tip kontingent var ki, onlardan biri uşaqlar, digəri isə əqli zəif olan insanlardır. Ona görə də xəstəni əməliyyata psixoloji cəhətdən də hazırlamaq lazımdır.

 

Bir çox hallarda xəstələr xəstəxanaya əməliyyat günü daxil olur və fəsadlar da bundan başlayır. Birinci növbədə xəstə əməliyyatdan daha əvvəl xəstəxanaya gəlməli, stasionara adaptasiya olunmalıdır. Xəstə ən azı bir gün əvvəldən stasionarda yatmalı və hazırlıq dövrü keçməlidir. Xəstə narkoza hazırlanmaq üçün axşamdan yaxşı yatmalı, əməliyyatdan yarım saat əvvəl inyeksiya şəklində hazırlanmalar getməlidir. Belə hazırlanmış xəstə ilə evdən gələn xəstələrin hemodinamikası, psixologiyası tamamilə fərqlidir. Hər bir xəstənin patologiyası, ağırlıq dərəcəsinə görə stasionarda yatma müddəti var. Çox təəssüflər olsun ki, son zamanlar bunların hamısını standartlaşdırıblar. Hər bir xəstə əməliyyatdan 3 gün sonra evə yazılır. Bu hal özəl və dövlət müəssisələrində də qeydə alınır. Lakin nəzərə almaq lazımdır ki, hər bir orqanizm eyni deyil və əməliyyat keçirən şəxsin özünün fərdi müdafiə qüvvəsi var.

- Bəzən deyirlər ki, anestezioloqlar əməliyyatı icra edən həkimlər tərəfindən narkozun seçimi ilə bağlı müəyyən təzyiqlərə məruz qalır. Bu hallarda  vəziyyət necə olmalıdır? Narkoz seçimini kim etməlidir?

 

- Hər bir xəstə stasionara daxil olduqda anestezioloq ona baxış keçirir, ona cərrahın yanaşmasından yox, öz prizmasından baxır. Məsələn, hər hansı bir plastik əməliyyat aparılan adam xəstə olmamalı, tam sağlam olmalıdır. Ona görə də anestezioloq plastik əməliyyat keçirən zaman xəstədən onun tam sağlam olmasını mütləq tələb edəcək. Əməliyyat zamanı narkoz üçün yalnız anestezioloq rəy verir. Çox təəssüflər olsun ki, cərrahlar bıçağı əlinə alaraq “Mən əsasam, mən demişəmsə əməliyyat olmalıdır”, deyirlər. Lakin sonradan hansısa fəsad yarananda anestezioloq günahlandırılır. Narkozun dozasının seçiminə heç kim qarışmamalıdır. Xəstəyə narkoz veriləndə həyatı vacib orqanların funksiyalara nəzarəti itir.

 

Və yaxud bəzən kürəkdə-büzdüm sümükdə aparılan əməliyyatlarda ağzı üstə narkoz verilir. Amma bunu venadaxili də vurmaq olar. Ağzı üstə dərman vurulub yatızdırılanda tənəffüs normal qaydada getməyəcək və xəstənin vəziyyəti hava çatışmazlığından ağırlaşacaq. Eyni xəstəyə cərrahlarla anestezioloqların hərəsinin öz yanaşması var. Bu məsələdə birinci kimdir məsələsi aparılmamalıdır.

Xəstə əgər bağırsaqdan əməliyyat olunursa, anestezioloq onun tənəffüsü ilə məşğul olmalıdır. Çünki istənilən ağır əməliyyatların hamısı süni tənəffüslə gedir. Bu işlərin hamısına normal vəziyyətdə, kompromis şəkildə birgə yanaşmaq lazımdır. “Mən demişəm bu gün əməliyyat olmalıdır”, – deyib, bu tonda danışmaq qətiyyən yolverilməzdir. Lakin bunu edən həkimlər var. Bəzən xəstələr artıq əməliyyat stolunda olanda cərrahlar anestezioloqu çağırırlar ki, gəl narkoz ver. İstər gündüz, istərsə də gecə gələn xəstə birbaşa əməliyyat stoluna qoyulur.

 

Ginekologiya sahəsində ağır xəstə doğum evinə gəldikdə mütləq anestezioloq qəbul şöbəsinə çağırılmalı, xəstəyə baxmalıdır. Rayonlarda 2-3 halda xəstə yoxlanılmadan əməliyyat stoluna qaldırıldığı zaman fəsad yaranıb. Mən həmin həkimləri cəzalandırmışam. Bəzən cərrahların müxtəlif iddiaları, kaprizləri olur. Lakin hər bir tibb müəssisəsi dövlətin müəssisəsidir və hamısı üçün olan qanunlar var. Xəstəyə istər özəl, istərsə də dövlət müəssisəsində lazımi tibbi yardımın göstərilməsi üçün qanunlar işləməlidir. Anestezioloqun imkan verdiyi həcmdə cərrahiyyə əməliyyatı aparıla bilər, ondan o tərəfi yoxdur. Cərrah əməliyyat etdiyi orqandan başqa orqan görmür. Bunun da hamısının əsasında monopolizm və eqoizm durur. Fəsadlar da bundan irəli gəlir. Əgər şöbə, struktur yerindədirsə, idarəçilik, təşkil olunma düzgündürsə, orta səviyyəli anestezioloqla hər bir əməliyyatı etmək olar. İstənilən halda xəstə haqqında məlumatın olmadıqda, digər orqanlarda patologiya varsa, buna göz yumub keçsəm, xəstə stolda öləcək. Anestezioloq üçün norma və standartların işləməsi bir nömrəli məsələdir.

 

Elə müəssisə var ki, orada baş verən hadisələri, məlumatları gizli saxlayır. Məsələn, bir müəssisədə cavan qadın burun əməliyyatı zamanı ölüb. Bunun səbəblərini araşdıranda gördük ki, həmin tibb müəssisəsinin yalnız ambulator xəstələrin müayinə və müalicəsi üçün icazəsi var. Onun xəstəni əməliyyat etməyə ixtiyarı yoxdur.

 

Bu gün anesteziologiya-reanimatologiya sahəsində tələblər artmaqla bərabər onun təminatı, təchizatı da yüksəkdir, istənilən aparatlar var. Sadəcə olaraq, qarşılıqlı sürətdə anlaşma lazımdır. “Mən cərraham, ginekoloqam demək”, düzgün deyil. Hər bir tibb müəssisəsi dövlətindir, konkret qanunlar var və əhaliyə lazımi tibbi yardımın göstərilməsi üçün mövcud qayda və qanunlara əməl olunmalıdır. Çox hallarda ölüm qayda və qanunlara riayət olunmamasından baş verir.

 

- Sizcə, anesteziologiya-reanimatologiya səhiyyənin ən ağır və daha çox insan ölümü ilə nəticələnən sahəsidirmi? Əməliyyatın uğurla başa çatması üçün hansı işlər görülməlidir?

 

- Ən ağır xəstələr hər zaman reanimasiyaya gəlir və ölüm halları da onların arasında qeydə alınır. Əgər ağır xəstənin ölümü reanimasiyada deyil, stasionarda baş versə, belə həkimlər məsuliyyət daşıyıb cəza almalıdır. Tibb müəssisələrində reanimasiya olduğu halda xəstə niyə başqa şöbədə dünyasını dəyişir? Stasionarda xəstə ağırlaşanda, qanaxma, koma vəziyyəti olanda reanimasiyaya yerləşdirilməlidir. Əgər olmursa, xəstəxana bağlanmalıdır. Çünki hansısa xəstəxanada xəstənin reanimasiyadan kənarda vəziyyəti ağırlaşırsa, o reanimatoloji yardımdan kənarda saxlanırsa, bu da nizam-intizamsızlıq hesab edilir. Bəzən xəstəni reanimasiyaya vermirlər, sona qədər gözləyib ölüm qabağı verirlər. Xəstənin vəziyyətinin ağırlaşmaması üçün profilaktik tədbirləri reanimatoloq görməlidir. Ölümün reanimasiyada baş verməsi xəstəxananın statistik göstəricisidir. Xəstəxananın statistik göstəricisi əgər ölüm faizindən yuxarıdırsa, burada tək reanimatoloq günahkar deyil. Baş həkimdən tutmuş, bütün şöbələr günahkardır. Elə müəssisələr var, onlarda təşkilatı məsələlər, idarəçilik düzgün qurulmayıb. Belə halların qarşısı zamanla alınır.

Xəstəxanalarda olan xəstələrin anestezioloji risk dərəcələrinə baxsaq, IV-V dərəcədə olan xəstələr çoxdursa, ölüm faizi də çox olacaq.  Elə xəstəxanalar var ki, orada I-II risk qrupu daha çox qeydə alınır. Adətən özəl xəstəxanalar III-IV-V risk qrupunda olan xəstələri qəbul etmir. Onlar ağırlaşma ilə sonda dövlət müəssisələrinə gəlirlər. Sonra da deyirlər ki, bizdə ölüm faizi azdır. Bu, düzgün yanaşma deyil.

 

Bundan əlavə, hər bir tibb müəssisəsinə ağır xəstə gəldikdə, onun orqanlarının funksiyası təhlükə altında qaldıqda, xəstəyə yardım edib sonra köçürmək lazımdır. Çox təəssüflər olsun ki, bəzi hallarda tibb müəssisələrində bunlara riayət edilmir, onların xəstəsi deyil deyərək, başqa yerə getmələri məsləhət görülür.

 

- İl ərzində əməliyyatlarda xəstə ölümünə səbəb olan təxminən neçə nəfər həkim-anestezioloq, reanimatoloq cəzalandırılır?

 

- İl ərzində inzibatçılıq nöqteyi-nəzərdən hər bir həkim müəyyən səhvlər səbəbindən cəzalandırılır. Ölümlə əlaqədar məsələləri isə nazirliyin hər bir sahə  üzrə müvafiq komissiyaları həll edir. İnzibati cəza var və bu, hamı üçündür. Bunlara şifahi və yazılı töhmət, işinin dəyişilməsi və ən sonda işdən çıxarılma kimi cəzalar daxildir. Ölüm səbəbləri araşdırılanda bununla əlaqədar həkim cəza almır. Elə hallar olur ki, cərrah ağır, anestezioloq isə ondan yüngül cəza alır. Çünki anestezioloqun cərrahın təzyiqinə dözmədiyi, güzəştə getdiyi məlum olur.

 

- Bu sahədə dövlət və özəl xəstəxanalarda vəziyyət, həkimlərin iş üslubu nə dərəcədə fərqlidir?

 

- Hər bir özəl xəstəxananın sahibkarı var. Sahibkarlıq haqqında qanuna əsasən onun  icazəsi olmadan təşkilata daxil olmaq, orada yoxlama aparmaq  qadağandır. Onlar da çox zaman bu qanundan istifadə edir. Amma yaddan çıxarmaq lazım deyil ki, həmin müəssisənin açılması üçün sertifikatı Səhiyyə Nazirliyi verib. Bəzən görürsən ki, müəssisəsinin özünün fəaliyyət göstərməsi üçün sertifikatı belə yoxdur.

 

İstər özəl, istərsə də dövlət müəssisəsində tibbi normativlərin hamısı işləməlidir. Özəl müəssisələr üçün də səhiyyənin bütün qanunları, Əmək Məcəlləsi, normativ və standartlar eynidir. Heç vaxt özəl müəssisənin sahibkarı həkimdən qanunu pozmağı tələb etmir. Biz özümüz qanunu pozuruq. Ona görə də cavabdeh həkimdir.

 

- Vətəndaşlara nə kimi məsləhətləriniz var?

 

- Hər kəs, xəstələr bilməlidirlər ki, təbabətdə anesteziologiya-reanimatologiya adlı struktur var. Bu sahəyə primitiv baxmasınlar. Xəstəliklərin müalicəsində anesteziologiya-reanimatologiya kölgədə qalan və qiymətləndirilməyən sahədir. Cərrahlar çox zaman anestezioloqun əməyini demir, 100-dən biri bunu edir. Amma hansısa mənfi hal baş verdikdə əhali arasında səhv fikir yaranır ki, xəstəni anestezioloq öldürdü. Xeyr, belə deyil. Qanunun, standartın pozulması elə ölümə bərabər tutulan məsələdir. Cərrah özünü tərifləyəndə, bilsinlər ki, onun xəstəsini qoruyan anestezioloq da var. Xəstəyə normal narkoz verilməsə o, əməliyyat stolunda ölə bilər. 

 

LENT

12 Dekabr 2017
11 Dekabr 2017
09 Dekabr 2017
08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017