Azərbaycanlı modelyer kişilərin tərəfini tutdu: “O xanımları bəyənmirəm”

Artıq soyuq havalar gəlib və bu ərəfədə insanlar qalın paltarlardan, üst geyimlərdən daha çox istifadə etməyə başlayıblar. Bu soyuq havalarda bir çoxlarımız həm fəslə uyğun, həm də dəbli geyinmək istəyirik. Bəs bunların hər ikisini bir arada necə etmək mümkündür? Ümumiyyətlə, 2018-ci ildə hansı rənglər dəbdə olacaq? Ailem.az dizayner-modelyer Ləman Süleymanovanın dəblə bağlı məsləhətlərini diqqətinizə çatdırır.

 

Bu mövsüm trikotaj geyimlər çox aktualdır

 

L. Süleymanova deyir ki, əslində moda çox rəngarəng olmağa davam edir: “Rəng dediyim tək bildiyimiz rəng palitrası deyil, bu, həmçinin parçalara da aiddir. Çünki parça seçimimiz o dərəcədə geniş olur ki, bu da insanların geyim seçimini asanlasdırır. Amma önəmlisi təbii ki, seçdiyin modellərdir. Bu sezon yenə də trikotaj geyimlər çox aktualdır. Hörmə və toxuma qrupuna aid üst və alt parçalar həm rahatlıq, həm dəblilik qatır. Qalın hörmələrdən isə trenç coatlar çox aktualdır. Həmçinin aktuallığının pik halını yaşayan “denim”dən də vaz keçmək olmur, çünki məncə, o, məhz indi ən rəngarəng zamanını yaşayır. Müxtəlif rəngli, boyanmış, fərqli əl işləməli "denim" çox dəbdir. Jakardli trençlər də həmçinin. Kaşimir pencək və ümumiyyətlə, tərkibində yun olan üst geyimlər də çox aktualdır”.

 

Moda çox əcaib zamanını yaşayır

 

L. Süleymanova 2018-ci ilin moda və rəng trendləri barədə məlumat verdi: “Gələn il it ilidir və burada ən çox 2 rəng - qəhvəyi və sarı rənglər vurğulanır. Sarı həmçinin də insan əhval-ruhiyyəsi üçün çox xoş rənglərdən hesab olunur. Yaşıl, mavi və qırmızı rənglər də yeni ilin ən dəbliləridir. Bununla yanaşı, sarı qızılı rəngi unutmayaq. Yeni sezonda bir çox geyim istehsalçıları sarı simli parçaların gözəl nümunələrini alıcıların nəzərinə çatdıracaq. Ən çox dəbli rənglər arasında “greenery” dediyimiz yaşıl rəngi də qeyd edim Həmçinin saçaqlı paltarlar, müxtəlif incəsənət əsərləri və hətta tarixi keçmişi xatırladan parçalar da çox dəbdədir. Hətta bəzən düşünürəm ki, "Barocco" zamanına qayıtmışıq. "Barocco" sözünün mənalarından biri də "əcaib" olduğu üçün elə mən də düşünürəm ki, moda çox əcaib zamanını yenidən yaşayır. Bu da o deməkdir ki, insanların geyim fantaziyalarını tam olaraq reallaşdıra biləcək bir dövrdə yaşayırıq. Ümumiyyətlə, hansı rənglərə üstünlük vermək lazımdır sualını mən hər zaman insanın öz zövqünə buraxıram. Bundan əvvəlki mövsümlərə nəzər salsaq, rəng kombinləri 2-3 rəngdən ibarət idisə, indi demək olar ki, elə çərçivələr yoxdur. Yetər ki, uyğun rəngləri kombinləyə bilsinlər. Örnək olaraq palitradan bordo rəngi qaraya, yaşıla, qızılı simli, mavi (indigo) və sair bir neçə rəngə uyğundur. Müxtəlif rəngli parçalar daha çox aktuallaşıb”.

 

Kilolu xanımlar düz parçalar seçməlidirlər

 

Modelyer deyir ki, kilolu xanımlar dəbli geyinmək üçün bəzi məqamlara diqqət etməlidir: “Kilolu xanımlar çox geniş qəlibli, ağır qrammajı olan parçalardan istifadə edərlərsə, daha da kök görünmək riskinə atarlar özlərini. Ona görə də düz, büzgüləri çox olmayan modelləri seçsələr, daha uyğun olar”.

 

Alternativ olmayanda klassik rənglərə yönəlirik

 

L.Süleymanova soyuq aylarda əksərən qara rəngdən niyə çox istifadə olunmasına da münasibət bildirib. Onun sözlərinə görə, tək Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində ümumiyyətlə, qara rəngdən çox istifadə edirlər: “Birincisi, qara rəng kifayət qədər praktik hesab olunur. Yəqin ki, bu, ən çox paltarı kombinləmək istəməyən və bu mövzuda ərincək olan insanların sevimli rəngidir. Digər tərəfdən burda şüuraltı məqamlar da bir az var. Çünki bu zaman günəş işığının azalması da rol oynayır. Digər tərəfdən, bu sualın cavabını mağaza "buyer"ləri də düşünməlidirlər ki, insanların istədiyi modellər kimi, eyni zamanda rəng seçimi də olmalıdır. Alternativ olmayanda insan məcburən klassik rənglərə əl atır”.

 

Paltar geyinmək üçün yaradılıb, soyunmaq üçün deyil

 

L.Süleymanova vurğulayır ki, həyat yoldaşı qısqanc olan və onların bağlı geyinməsini istəyən xanımlar da dəblə ayaqlaşa bilər: “Dünyanın ümumiyyətlə, bir çox müsəlman ölkələrində kişi psixologiyası odur ki, qadın çox açıq-saçıq, cəlbedici görünməməlidir. Mənim bir dizayner kimi düşüncəm o kişilərin düşüncəsi ilə çox da zidd deyil. Çünki mən də açıq-saçıq, vulqar, üzərində az parça gördüyüm xanımları bəyənmirəm və elə hesab edirəm ki, paltar soyunmaq üçün deyil, geyinmək üçün yaradılıb. Zövq də soyunmaqdan deyil, geyinməkdən ibarətdir. Mənim fikrim elədir ki, zövqlü olmaq və görünmək insanın öz əlindədir. Hazırda dəbli dediyimiz və gördüyümüz kifayət qədər bağlı geyimlər mövcuddur”.

 

Çox dəbli və rahat ətək modelləri var

 

“Əgər bir xanım hər zaman şalvar geyinirsə, yəqin ki, bunun bəzi səbəbləri var. Mənim təxminim odur ki, ya həmin qadın buna alışıb, ya da özünü ətəkdə rahat hiss etmir və sair. Amma  yenə də modaya nəzər salsaq, hazırda midi və maxi olan çox dəbli, gözəl və rahat ətək modelləri də var. Onlar bu ara dəbdə olan geniş qəlibli köynəklərlə də, pencəklərlə, t-shirtlərlə çox uyğun kombinlənə bilər. Yetər ki, onu geyinməyə istək olsun”, - deyə dizayner vurğulayır.

 

Hamilələr də dəblə ayaqlaşa bilər

 

“Hamilələrin geyiminə nəzər salsaq, məncə, indiki dəbdə olan bir çox geniş qəlibli modellər tam onlara uyğun ola bilər”, - deyən modelyer söyləyir ki, büzgülü, geniş modellər kifayət qədərdir və mağazalarda mövcuddur: “İstər köynək, istər paltar olsun. Ümumiyyətlə, üst geyimlərə nəzər salsaq çiyni düşük modellər çoxdur və hamilələrə də  uyğun ola bilər. Çox gözəl paltar modelləri var ki, qəliblərinə nəzər salanda deyə bilərik ki, hətta bəlkə əvvəllər onları yalnız hamilələr geyinərdi. Məsələn, ampir siluetli, yunan tərzi, köynək-paltar, tunik paltarlar hələ də öz aktuallığını qoruyur. Bu modellər həm hamilə qadınlar, həm də daha az kilolu xanımlar üçün çox uyğundur”.

 

 

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017
14 Noyabr 2017
13 Noyabr 2017