Oftalmoloq: “Qanun qəbul olunsa, meyitdən toxuma götürüləcək” - YENİLİK

Buynuz qişa gözün ən ön hissəsində yerləşən işığı fokuslamaq və gözü xarici zədələyici faktorlardan qorumaq üçün xüsusiləşmiş şəffaf və əyri səthə malik olan toxumadır. Buynuz qişanın infeksiyalarının ən yayılmış səbəbləri kontakt linzaların istifadə edilməsi, herpes virusu və onunla bağlı herpetik keratitlər, herbisit və onunla bağlı göbələk keratit xəstəliyidir. Bir çox bakteriya və parazit infeksiyaları buynuz qişa üzərində xoranın yaranmasına səbəb ola bilər, kontakt linza daşıyıcılarının görmə qabiliyyətinin daim zəifləməsinə və ya tamam itməsinə gətirib çıxara bilər. Görmək qabiliyyətini daimilik itirmək təhlükəsi olan xəstələrin müalicəsi buynuz qişanın transplantasiyası əsasında aparılır.

 

Buynuz qişasının transplantasiyası Azərbaycanda 2003-cü ildən 2011-ci ilə qədər həyata keçirilib. Meyitdən toxuma götürülməsinə icazə olmadığından buynuz qişası xaricdən –Türkiyə, İrandan gətirilirmiş. Xaricdə donor bankları var. 2011-ci ildə qanunvericiliyə dəyişikliklər edildikdən sonra transplantasiya məqsədilə Azərbaycana gətirilən orqan və toxumalardan istifadə etməyə icazə verilməyib.

 

Azərbaycan Tibb Universitetinin müəllimi, oftalmoloq Qabil Zülfiyev Aile.lent.az-a açıqlamasında bildirib ki, meyitdən toxuma götürülməsi məsələsi hazırda müzakirə olunur: “Azərbaycan müstəqillik əldə edəndən sonra Tibb Universitetində bu transplantasiyanı həyata keçirən məşhur oftalmoloqlarımız olub. O dövrdə meyitdən toxumanın götürülməsi haqda qanun yox idi. Amma bütün xarici dövlətlərdə olduğu kimi, bizdə də bu məsələ qanunla tənzimlənməlidir. Meyitdən toxuma götürülməsinə qanunla icazə verilməlidir. Qanunlar formalaşana qədər iş dayandırılıb. Müzakirələr gedir, qanun qəbul olunsa, meyitdən toxuma götürüləcək”.

 

Oktyabrın 30-da Milli Məclisin Səhiyyə Komitəsində müzakirəyə çıxarılan və Milli Məclisə tövsiyə edilən “Mülki dövriyyəsinə yol verilməyən əşyaların siyahısı haqqında” qanuna dəyişiklik barədə layihədə təsdiqlənib. Layihəyə əsasən, Azərbaycana gözün buynuz qişasının idxalına icazə veriləcək.

 

Buynuz qişası kimlərdən götürülə bilər?

 

Oftalmoloq deyir ki, dünya praktikasında bunu xəstənin özü də vəsiyyət edə bilər, yaxud ölümündən sonra ailə üzvləri tərəfindən icazə verilə bilər. Burada əsas amil insanın keçirdiyi xəstəliklər, hansı xəstəlikdən ölməsi, iltihabı xəstəliklərin olub-olmamasıdır: “Ölümündən sonra kliniki vaxt var ki, o müddətdə meyitdən toxuma götürülməlidir. Donor mümkün qədər cavan şəxs olmalıdır. Buynuz qişası ilə bağlı xəstəlik keçirməməlidir, ümumi infeksion xəstəliklər olmamalıdır. Qəza nəticəsində ölmüş şəxsdən, ailəsi icazə verərsə, buynuz qişası götürülə bilər. Ölümdən sonra 1-2 saat ərzində bu toxumanın götürülməsi məqsədəuyğundur. Buynuz qişası gözdə saatın ön şüşəsi kimidir. Gözün üst qatıdır. Göz yerində qalmaqla yalnız üst qat götürülür. Bu zaman gözün içindəki maye hissə axa, göz əvvəlki formasını itirə bilər. Sağlam adamdan bu toxumanın götürülməsi qanunla mümkün deyil. Transplantasiya yalnız o halda gerçəkləşə bilər ki, adam başqa bir səbəbdən görmə qabiliyyətini itirib, amma buynuz qişa salamatdır. Onda onun sağ gözündən toxumanı sol gözünə köçürmək olar. Çünki qİşa olmadan göz öz formasını saxlaya bilmir”.

 

 

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017
14 Noyabr 2017
13 Noyabr 2017