Türkiyənin dünyanı ağladan filmi: “Ayla” “Oskar” alacaqmı? - VİDEO

Türkiyə istehsalı olan “Ayla” filmi oktyabrın 27-dən dünya kinoteatrlarında yayımlanmağa başlayıb və böyük maraqla qarşılanıb.

 

Ailem.az-ın məlumatına görə, ekran işi 10 gündə 1 milyon tamaşaçı sayını keçərək izlənmə rekordu qırıb. Həmçinin iki həftə ard-arda kassada bilet satışına görə lider olub. Türkiyə film tarixində isə son 16 ilin ən çox baxılan ekran işi seçilib.

 

Real hadisələr əsasında çəkilən film 1950-ci illərdə ailəsi öldürülmüş koreyalı balaca qızı ölümdən xilas edib, 15 ay ərzində ona öz uşağı kimi baxan, müharibə bitdikdən sonra Türkiyəyə dönəndə Ayla adı qoyduğu bu qızdan bir daha xəbər almayan Astsubay Süleyman Dilbirliğinin həyatından bəhs edir.

 

Baş prodüserliyini Mustafa Uslun, rejissorluğunu isə Can Ulqayın etdiyi filmdə Çetin Tekindor, Taner Birsel, Ali Atay, Büşra Develi, Duyqu Yetiş, Altan Erkekli, Sinem Öztürk Uslu kimi aktyorlar yer alıb. Filmin musiqiləri isə Fahir Atakoğluna aiddir. Filmdə Süleyman Astsubayın müharibə meydanında tapdığı kiçik qızı canlandıran Kim Seol Koreyanın ən populyar uşaq aktrisalarından biridir.

 

Beynəlxalq Asiya Film Festivalının açılışında bu film zalda hər kəsi ağladıb. Bir çox kino tənqidçilərinin fikrincə, “Ayla” filmi bu ilki “Oskar” mükafatına ən real namizəddir. "Oskar"da "Xarici dildə ən yaxşı film" laureatına namizəd göstərilən "Ayla"nın Akademiya tərəfindən müsabiqəyə layiq olub-olmadığı yanvar ayında məlum olacaq.

 

Qeyd edək ki, "Oskar" mükafatları 2018-ci ilin 23 yanvar tarixində açıqlanacaq.

 

Filmin Azərbaycanda nə vaxt nümayişə çıxacağı isə hələ məlum deyil.

LENT

24 Noyabr 2017
23 Noyabr 2017
22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017