Səbuhi Rəhimli: “Quranda astrologiyanı inkar edən bircə ayə də yoxdur” - MÜSAHİBƏ

Astroloq Səbuhi Rəhimlinin Ailem.az-a müsahibəsini təqdim edirik.

  

- Astrologiya ilə məşğulsunuz, hətta bununla bağlı bir çox kitabların da müəllifisiniz. Bu elmi öyrənmək üçün hansısa təhsil müəssisələri mövcuddurmu? Yoxsa bu, xüsusi istedada tələb edən bir sənətdir?

 

- Astrologiya universal bir elm kimi insandan hərtərəfli biliklər - ilk növbədə riyaziyyat, tarix və tibb sahəsində biliklər tələb edir. Hazırda Azərbaycanda elə bir tədris müəssisəsi yoxdur ki, orada bu fənlər bir tədris proqramı çərçivəsində keçirilsin. Belə ki, bizim təhsil sistemi iki hissəyə bölünüb: təbiət və humanitar elmlər. Bu isə yalnız birtərəfli inkişafa zəmin yaradır. Ona görə də Azərbaycanda fəaliyyət göstərən astroloqlar bu elmi fərdi qaydada, bir az da ibtidai formada mənimsəyirlər.

 

- Gizli deyil ki, bu gün dünyanın bir çox alimləri astrologiyanı “yalançı elm” adlandırırlar. Bunun əksini sübut edəcək arqumentiniz varmı?

 

- Əgər bu gün astrologiyaya elmi tərəfdən yanaşmaq istəsəniz, onda maraqlı bir problemlə üzləşəcəksiniz. Görəcəksiniz ki, elmi yanaşma heç də həmişə özünü doğrultmur. Məsələn, müzakirə olunmaz faktlar göstərir ki, kosmos insana təsir edir. Lakin gülməli də olsa, elm bunu qəbul etmir. Çünki bu, fundamental qanunlara ziddir. Elm israr edir ki, astrologiya yalan elmdir və işləmir. Lakin planetlərarası boşluqlar haqqında biliklərimiz artdıqca görürük ki, insan həyatına planetlərin təsiri böyükdür. Günəş tərəfindən yaradılan güclü sahə Günəş sistemi planetlərinə təsir edir və Günəş şüalanmasındakı dəyişikliklər Yerdəki bütün həyatı dəyişdirir. Başqa bir misal deyim: radiaktiv nəzəriyyə astroloji təsiri izah edə bilmir. Digər tərəfdən rentgen, qamma və digər şüaların mövcudluğu uzun müddət məlum deyildi. Radiodalğaların və ultrabənövşəyi şüaların kəşfindən əvvəl, insanlar heç xəyallarına da gətirə bilməzdilər ki, “qeyri-təbii" şey olan radioötürücü nədir. 
Hamıya məlumdur ki, elmi faktları əldə etməyin yeganə yolu məntiqdir. Buna baxmayaraq, məntiqi cəhətdən belə bir nəticəyə gəlmək olar ki, insan həyatı hər zaman səma varlıqlarının güclü təsiri altındadır. Məsələn,
1) Günəş üzərində olan ləkə və partlayışlar Günəşdə burulğanlara səbəb olur və Yerdə hava şəraitinə güclü təsir edir, xüsusən də atmosferin yuxarı təbəqələrində yerləşən ionosferaya və mənfi ionları bizim hərəkətimizə, hisslərimizə və davranışımıza təsir edir. 
2) Atmosferdəki elektrik yükləri, eləcə də, geomaqnetizm və elektromaqnetizm insanlara, heyvanlara və bitkilərə təsir edir.
3) Oksigen öz-özlüyündə müəyyən mənada maqnit xüsusiyyətlərinə malikdir. Buna görə də Günəşin maqnit sahələri və ləkələri Yerin atmosferinə nəinki termik, eləcə də, maqnitik təsir edir. 
4) Ay atmosfer rütubətinə, iqlimə, bitkilərə, heyvanlara və insanlara bilavasitə zəruri təsir edir. 
5) Kosmos şüaları canlı orqanizmlərin DNT və RNT-də, nukleon turşularında ciddi dəyişikliklərə səbəb olur. 
6) Geomaqnetizm insanların və heyvanların orqanizmlərinə təsir edir. Bu orqanizmlər geomaqnit sahəsində baş verən dəyişikliklərə reaksiya verir. 
7) Məlumdur ki, planetlər öz orbitlərində bir mexanizm kimi, Günəşdə ləkə və partlayışların yaranmasına təkan verir. Planetlərin Günəşə nəzərən yerləşməsini bilərək, bir çox hadisələr haqqında qabaqcadan məlumat vermək mümkündür. Planetlərin bu harmonik vəziyyətləri Günəşlə Yerin maqnit sahəsinin aktivliyinə, Yerin maqnit sahəsinin formasına təsir edir, bununla da bütün canlı varlıqlar, o cümlədən, insanlar bu təsirə məruz qalırlar.

 

- Siz “Yeni Musavat” qəzetinin arxa səhifəsində bürclərlə bağlı proqnozlar yazırsınız. Həmin proqnozları nəyə əsasən təyin edirsiniz? 

 

- Bir kimyaçıdan hansısa məhlulu necə əldə etdiyini soruşsanız, dərhal cavab verər ki, kimyəvi laboratoriyada apardığım tədqiqatlar nəticəsində. Amma onu müsahibinə göstərə bilməz, bunun üçün iş prosesini izləmək və ya bilmək lazımdır. İnsanlara daha çox nəticə lazım olur. Nəticə də göz önündədir: az qala ölkəmizdə çıxan bütün qəzetlərdə astroloji proqnozlar verilir, amma heç birinə diqqət yoxdur, hamı yalnız “Yeni Musavat”dakı bürcləri oxuyur. Demək ki, elmlə fırıldağın ayrıldığı məqamı hər kəs ayırd edə bilir. 

 

- Doğrudanmı bürclərin insan həyatına birbaşa təsiri var? 

 

- Bu sualınıza məşhur ingilis yazıçısı Devid Lorensin bir fikri ilə cavab verərdim: "Kosmos bizim də daxil olduğumuz böyük və canlı bir bədəndir. Günəş - nəbzi bizim kiçik damarlarımızdan keçən böyük ürəkdir. Ay - bizi ömürlük lərzəyə gətirən böyük əsəb sistemidir. Kim bilir, Saturn və ya Venera bizi necə idarə edir? Həyat enerjisi hər an bizim qəlbimizə axır..." 

 

- Bəzən astrologiya ilə falı qarışıq salırlar. Bəs onların fərqi nədədir? 

 

- Məncə, onları fərqləndirmək üçün azacıq savadlı olmaq, müəyyən qədər dini və elmi biliklərə vaqif olmaq, maariflənmək kifayət edər. Fal şarlatanlıqdır, heç bir elmi əsası yoxdur, insanları təsir altına salıb pul qazanmaq məqsədi daşıyır, falçıların öz psixoloji vəziyyəti də ciddi problemlərlə dolu olur. Astrologiya isə Göy sferasındakı planetlərin konkret hərəkət trayektoriyasından alınan nəticələri ortaya qoyur. Burada hesablama və məntiqi müşahidə olmadan hər hansı bir fikir söyləmək mümkünsüzdür. Heç bir astroloq pul düşkünü deyil və müştəri qəbul etmir.

 

- Psixoloqlar deyir ki, astroloqların verdiyi proqnozlar insan psixologiyasına mənfi yöndə təsir edir, onları səhv yönləndirir, beyinlərinə lazım olmayan fikirlər yeridirlər. Bu ittihamlar nə dərəcədə doğrudur?

 

- İlk öncə bildirim ki, elm və texnologiya, fəlsəfə və din, bir sözlə, bütün sahələr insanlara təsir mexanizmi üzərində qurulub. Hər bir yaradıcılıq növü insanın formalaşmasında rol oynayır, onun mənfi və ya müsbət müstəvidə təsiri məsələsi isə tamam fərqli mövzudur. Bir və ya iki psixoloqun abstrakt təsəvvüründən qənaətlənən həmin fikirlərə isə məncə, onların özləri də inanmırlar. Biz psixoloqlarla yaxşı işləyirik, müxtəlif psixoloji durumların həllində yekdil qənaətə gəldiyimiz məqamlar az olmayıb. Psixoloqlar anlamalıdır ki, astrologiyanı bilmək onlara yalnız səmərə verə bilər, kəsə yolu göstərər. Lakin bəziləri bir şeyin dərinliyinə varmaqda tənbəllik etdiyi üçün radikal inkarçı mövqeyi tuturlar. Maraqlıdır ki, ortaya da ciddi arqument qoymurlar, primitiv şablonlardan olan “boş şeydir” şüarına söykənib əsaslandırmırlar. 

 

- Ümumiyyətlə, insan öz həyatını proqnozlar üzərində qursa, necə olar? 

 

- İnsanın zombiləşməsi bütün hallarda pis haldır. İnsan azaddır, müstəqildir, seçim və təcrübəsi onu irəli və ya geri çəkə bilər. Astrologiya heç də həyatın bütün sahələrində işləmir. Elə şeylər var ki, birbaşa şüurdan, qabiliyyət və savaddan asılıdır. Həm də razılaşmıram ki, kimsə həyatını proqnozlar üzərində qursun. Olsa-olsa bəziləri gündəlik və ya aylıq planlarını proqnozlarla uyğunlaşdıra bilərlər. Amma ifrata varmaq ruhsal müstəqilliyə zərbə vura bilər.

 

- Öz həyatınızı necə, astroloji proqnozlar sayəsində idarə edirsiniz? 

 

- Astrologiya həyatı idarə etmir: uğurlu zaman kəsiklərindən maksimum mənfəətlə çıxmağı, uğursuz zamanlardan isə minimal itki ilə çıxmağı öyrədir. Seçim isə insanın öz əlindədir. Astrologiya mənə proqnozdan öncə mühiti, insanları, doğru-yanlış zamanı öyrənmək üçün lazımdır. Çünki bu həyatda proqnozun da aciz qaldığı məqamlar çoxdur.


- Evlənəcək cütlüklər toylarını planlaşdırmaları ilə bağlı sizə müraciət edirlərmi?

 

- Mən müştəri ilə işləmirəm. Amma tanış-biliş olanda soruşurlar. Toy, səfər, ev tikmək, iş yerini dəyişmək kimi hadisələrin uğurlu başlanğıcını təyin etmək mümkündür. 

 

- Dində bütün öncəgörmələr qadağan olunur. Belə çıxır ki, siz bu sənətlə məşğul olmaqla günaha batırsınız? 

 

- Sualınızda ziddiyyətli məqamlar var. Əvvəldə falçılıqla astrologiyanın fərqi barədə sualınıza cavabda da bildirdim ki, astrologiya tamam fərqli sahədir. Dediyiniz məsələyə Quranın bir neçə ayəsində eyham vurulur. Məsələn, “Maidə” surəsində deyilir ki, üzərində kəsilmiş heyvanlar və fal oxları ilə qismət axtarmanız sizə haram edildi, bunlar günahdır. Yaxud da “Fələq” surəsində qeyd olunur ki, ovsun oxuyub düyünlərə üfürən qadınların şərindən Allaha sığınıram. İndi bütün bunların astrologiya ilə nə əlaqəsi var? Astrologiya öncəgörmə deyil, elmi əsaslarla real olayların proqnozlaşdırılmasıdır və hər bir proqnozun da əsası var. Onda sinoptiklər də, astrofiziklər də, bəzi layihəçilər də günahkardır? (gülür) Xatırladım ki, astrologiyanın əsas işi proqnoz vermək deyil. Proqnoz astrologiyanın 140-dan artıq qolundan yalnız biridir. Qalanları isə dünyanı, insanı və Allahı tanımağa xidmət edir.

 

- Deyirsiniz yəni dinlə astrologiyanın hər hansı bir ziddiyyəti yoxdur?

 

- Yalnız bir ziddiyyəti var: dində deyilir ki, insan özünü dərk edə bilməz, astrologiya isə bunun əksini deyir. Qurani-Kərimdə astrologiyanı inkar edən bircə ayə də yoxdur.

 

- Bəs təsdiqləyən ayələr varmı?

 

- Əlbəttə, var. Məsələn, “Saffat” surəsində belə bir ayə var: “İbrahim ulduzlara nəzər salıb dedi: “Mən xəstəyəm”. Bu, birbaşa ulduzların bəlli düzümünə görə alınan nəticədir və ən ciddi din alimləri də bunu təsdiqləyirlər. “Yunus” surəsinin “Günəşi işıqlı, Ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə, Ay üçün mənzillər müəyyən edən məhz Odur. Allah bunları ancaq haqq olaraq yaratdı. O, ayələrini anlayan bir camaat üçün belə müfəssəl izah edər!” ayəsində işlədilən “anlayan bir camaat” birbaşa astroloqlara aiddir. “Ay üçün mənzillər müəyyən etdik” cümləsini bəziləri astronomik göstərici kimi qələmə verir, lakin Ayın hər mənzildən keçməsinin insan halı ilə bağlılığını asanca isbat edə bilərik. Yaxud da “Bəqərə” surəsinin 60-cı ayəsini hara yozsalar da, məğz dəyişmir: "Musa öz qövmü üçün su istədikdə, Biz ona: "Əsanı daşa vur!" dedik. O, əsanı daşa vuran kimi daşdan on iki çeşmə püskürdü və hər kəs öz çeşməsini tanıdı". 
“Vaqiə” surəsində deyilir: “And olsun ulduzların bürclərdəki mənzillərinə! Kaş bunun nə qədər böyük bir and olduğunu biləydiniz”. Materialist dünyagörüşünə malik alimlər, hətta bəzi din adamları isə guya bürclərin sadəcə göy üzünü bəzəməsi üçün yaradıldığını söyləyirlər. Buyurub “bürclərdəki mənzil” ifadəsini açsınlar. “Nur” və “Qəmər” surələrində də astrologiyanı dəstəkləyən ayələr var. Sadəcə indi yadıma düşənləri dedim. Özüm də mətbuatda çalışdığım üçün bu barədə çox yazmışam.

 

- Niyə Azərbaycanda astrologiya elmi inkişaf etməyib? 

 

- Bunun başlıca üç səbəbi var. Biri yuxarıda dediyim təhsil sistemimizin iki hissəyə bölünməsidir ki, bu vahid elmi mənimsəməyə yetmir. Astrologiyanın inkişaf etməməsinin birinci səbəbi də məhz budur. İkinci səbəb isə hökmranlıq edən materialist dünyagörüşüdür. Bu dünyagörüşünə əsasən maddi qüvvələrdən başqa hansısa bir qüvvənin hadisələrə təsiri yolverilməzdir. Paradoksal olsa da, üçüncü səbəb dinlərin astrologiyaya qadağa qoyması ilə bağlıdır. Çünki astrologiya dini ehkamlardan biri olan "öz taleyini dərk edə bilməmək" prinsipinə ziddir. Nəticədə isə astrologiya həm mənəvi, həm də təcrübi cəhətdən müasir həyatdan kənarda qalır. Astrologiyanın inkişafı üçün cəmiyyət məhz yuxarıda qeyd olunan səbəbləri aradan qaldırmalıdır.

 

 

LENT

16 Dekabr 2017
15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017