Uşağın tez dil açması üçün onunla bu oyunları oynayın – LOQOPED YOL GÖSTƏRİR

Ailem.az loqoped Bəsirə Pənciyevanın növbəti məqaləsini təqdim edir.

 

“Əziz valideynlər, komplekslərinizi atın! Körpələrinizlə oynayın!”

 

Son vaxtlar mütəxəssislər tərəfindən iki anlayış istifadə edilir. Bunlardan biri erkən inkişaf, digəri isə erkən müdaxilədir. Erkən müdaxiləni ləngimə hiss edilən körpələrimizlə bağlı, erkən inkişafı isə körpələrimizin yeni doğulduqları çağalıq dövründən etibarən istifadə edirik.

 

Əziz valideynlər, uşaqlarınızın erkən inkişafı üçün körpələrinizə oyuncaqlar alın. Oyuncaqları seçərkən körpələrinizin yaş göstəricisini mütləq nəzərə alın.

 

Körpələrinizin sosiallığı və sosial ünsiyyəti, kiçik dialoqları oyunlarla yaranır. Oyuncaqlar körpələrinizin ilk fəallığı, ilk işləridir. İlk fəallıqlarını maraqlı edərək, körpələrinizin erkən inkişafına nail ola bilərsiniz. Uşaqlarla tez-tez işləyən, məşğul olan hər kəs ən yaxşı oyun və oyuncaqların evdə olduğunu və evdən başladığını yaxşı bilir. Evdə sizə lazım olmayan qutularınızı belə, oyun üçün əyləncəli formaya sala və uşağınızla oyun zamanı istifadə edə bilərsiniz. Çünki ev şəraitində əl işi, əllə düzəltdiyimiz oyuncaqlar bizim üçün daha doğma sayılır.

 

Öncə bir neçə normativə diqqət yetirək;

 

Oyuncaqlarla oynamaq uşağın böyüməsində və inkişafında vacibdir...

 

Oyuncaqlar uşaqlar üçün təhlükəsiz olmalıdır. Oyuncaq alarkən nədən hazırlandığına, suya davamlı olub-olmadığına, kənarlarının kəskinliyinə diqqət edin. Çünki körpələr oyuncaqları ağızlarına salırlar.

 

Oyuncaqlar inkişafda olan sahələrə stimul verə bilər

 

Vizual motor oyuncaqlar - əl-göz koordinasiyasına müsbət təsir edir və körpələrimiz həm bədən üzvünü, həm ağlını istifadə edir. ( kağız üzərində rəngləmək və s.)

 

Dil – nitq əsaslı oyuncaqlar nitqin inkişafına kömək edir (səsli oyuncaqlar və s.)

 

Ümumi (böyük) motor bacarıqları - ( məs; qaçmaq, dırmaşmaq, top atmaq, hoppanmaq və s. ) qollar, ayaqlar kimi gövdə sistemini inkişaf etdirir.

 

Kiçik motor bacarıqları - ( qayçı ilə kəsmədə, fırça və ya əllə boyamada istifadə olunur) əllər, barmaqlar kimi xırda motorikanı inkişaf etdirir.

 

Sensor oyuncaqlar  - toxunma, hissetmə bacarıqlarını stimullaşdırır, uşağın bədən üzvlərilə ağılın birlikdə istifadəsinə cəlb edir (toxuma parçalar və ya yumşaq heyvanlarla oyunlar).

 

Evdə istifadə etmədiyiniz qutularınızı atmayın, oyun üçün əyləncəli formada istifadə etmək üçün saxlayın:

 

- Müxtəlif ölçülü şokolad qutuları, plastik qutular

 

- Kəsik parçalar ( kleylə yapışdırmaq )

 

Ümumi məişət əşyalarını, istifadə etmək üçün ideyalar;

 

- Qazan, tava, qaşıqlarla (bıçaq, çəngəl, qayçı kimi əşyalarla 2 yaşdan sonra müşahidə və  ehtiyatla istifadə edərək, öyrədə bilərsiniz) uşağınıza böyük, kiçik pozisiyaları (məs; qazan hardadır? Stolun üstündə. Qaşıq hardadır? Stolun altında), həmçinin, yanında, içində, sağında, solunda, arasında, önündə, arxasında kimi pozisiyaları da öyrədə bilərsiniz. Həmçinin, qazan və ya tavaya qaşıqla vuraraq, səsləri öyrətmək olar. Tuk-tuk, tak-tak və s. səsləri emosional çıxarın ki, körpənin diqqətini cəlb edə biləsiniz.

 

- Lobya, noxudla işləyə bilərsiniz. Lobya ilə noxudu bir qaba tökün. Sonra 2 ayrı qutu və qab qoyun ki, uşaq lobyanı bir qaba, noxudu digər qaba yığsın. Bu eyniləşmə, çeşidləmə sayılır. Lakin yaxşı olardı ki, bunu 2 yaşdan sonra edəsiniz. Çünki uşaq çiy olan noxud və lobyanı ağzına ala bilər.

 

- Uşağınız oturmağa başlayanda 5-6 ayından etibarən salfetka, qəzet, kağız verin cırsın və ya əzsin. Beləliklə, o, hiss edəcək. Amma daim nəzarət edin ki, kiçik salfetka və kağız qırıqlarını ağzına almasın. Həmçinin, sensor, hissetmə qabiliyyətini inkişaf etdirmək üçün  evdə parçanın arasına noxud və ya mərci, lobya yığaraq, parçanı tikin ki, içindəkilər tökülməsin. Hazırladığınız bu kiçik yastıqcanı övladınızın əlinə verin oynasın. Oynadıqca bərkliyi hiss edəcək.

 

Yaşa görə oyuncaqlar

 

0 – 3 ay

 

- Qırılmaz güzgü

 

- Ağ və qara rəngli həndəsi fiqurlar (zəka kartlarından əldə edə bilərsiniz)

 

- Təhlükəsiz, yumşaq çeynəmə oyuncaqlar

 

- Səsli oyuncaqları yuxarıdan sallayaraq oynayın. Əlini uzatsın, götürmək istəsin və həmin səsli oyuncağı sağa-sola hərəkət etdirin ki, gözləri ilə izləsin. Bununla da körpəniz sizinlə göz kontaktı yaradacaq.

 

- Parçadan hazırlanmış şəkilli kitablar

 

3 – 6 ay

 

- Yataqda gimnastika: Səsli oyuncaqları beşiyindən asın, ona əlini uzadıb dartsın. Bunu yerdə də edə bilərsiniz. Xalçanın üzərinə əlavə bir adyal sərin, uşağı qarnı üstə yerə uzadın, oyuncağı önünə qoyun, dartına-dartına götürməyə çalışsın. Mümkün qədər çalışın, uşağınız iməkləsin. Qarın üstə iməkləmək uşağın bütün inkişafına çox müsbət təsir edir.

 

- Silkələmək: Yenə səsli oyuncağı əlinə verin. Silkələməsi üçün köməklik edin.

 

- Parçadan hazırlanmış şəkilli kitablar.

 

- Yuyula bilən, balaca çıxan hissəcikləri olmayan (uşaq ağzına ala bilər) yumşaq oyuncaq heyvanlar

 

- Çeynənilməsi üçün təhlükəsiz oyuncaqlar

 

- Ana, ata və uşağın öz şəkli (ailə şəkillərinizi həm birlikdə, həm ayrı çıxarın və uşağın görə biləcəyi yerlərə qoyun )

 

6 – 12 ay

 

- Piramida kimi üst-üstə və iç-içə yığılan qutular

 

- Kubiklər, leqolar

 

- İçində meyvə, tərəvəz, hərəkətlər (əl çalma və s), bədən üzvləri olan karton kitablar

 

- Valideynlə birlikdə köpüklə oynamaq (yalnız köpüyü verməyin, uda bilər)

 

- İpli (dartması üçün) və düyməli (basmaq üçün) oyuncaqlar, maşınlar (itələmək üçün)

 

12 ay və yuxarı yaşlar

 

- Karton şəkilli kitablar

 

- Deşikləri olan kartonlu, ipli oyuncaqlar (uşaq ipi kartonlu şəklin deşiyindən keçirir)

 

- İri düyməli oyuncaqları qutunun içinə yığmaq və deşikli qutunun deşiyindən içinə atmaq kimi oyunlar

 

- Kartla puzzle

 

- Şəkilli kartlar

 

- Kubiklər, leqolar

 

- Eyniləşməli, çeşidləmə kartlar

 

- Barmağa, ələ keçirilən heyvan və ya qız-oğlan oyuncaqları və s.

LENT

14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017
11 Dekabr 2017
09 Dekabr 2017