Türkiyənin dünyanı ağladan filmi: "Ayla" Bakıya gəlir - DƏQİQ TARİX

Oktyabrın 27-dən dünya kinoteatrlarında yayımlanmağa başlayan və qısa zaman ərzində böyük maraqla qarşılanan Türkiyə istehsalı olan “Ayla” filminin Bakıda yayım tarixi məlum olub. 

Ailem.az-ın məlumatına görə, ekran işi dekabrın 7-dən etibarən Nizami Kino Mərkəzində nümayiş olunmağa başlayacaq: “Əziz tamaşaçılarımızın çoxsaylı istəyini nəzərə alaraq, festival filmi olan "Ayla" 7 dekabrdan etibarən Nizami Kino Mərkəzində göstəriləcək”. 

 

Real hadisələr əsasında çəkilən film 1950-ci illərdə ailəsi öldürülmüş koreyalı balaca qızı ölümdən xilas edib, 15 ay ərzində ona öz uşağı kimi baxan, müharibə bitdikdən sonra Türkiyəyə dönəndə Ayla adı qoyduğu bu qızdan bir daha xəbər almayan Astsubay Süleyman Dilbirliğinin həyatından bəhs edir.

 

Baş prodüserliyini Mustafa Uslun, rejissorluğunu isə Can Ulqayın etdiyi filmdə Çetin Tekindor, Taner Birsel, Ali Atay, Büşra Develi, Duyqu Yetiş, Altan Erkekli, Sinem Öztürk Uslu kimi aktyorlar yer alıb. Filmin musiqiləri isə Fahir Atakoğluna aiddir. Filmdə Süleyman Astsubayın müharibə meydanında tapdığı kiçik qızı canlandıran Kim Seol Koreyanın ən populyar uşaq aktrisalarından biridir.

 

Beynəlxalq Asiya Film Festivalının açılışında bu film zalda hər kəsi ağladıb. Bir çox kino tənqidçilərinin fikrincə, “Ayla” filmi bu ilki “Oskar” mükafatına ən real namizəddir. "Oskar"da "Xarici dildə ən yaxşı film" laureatına namizəd göstərilən "Ayla"nın Akademiya tərəfindən müsabiqəyə layiq olub-olmadığı yanvar ayında məlum olacaq.

 

Qeyd edək ki, "Oskar" mükafatları 2018-ci ilin 23 yanvar tarixində açıqlanacaq.

 

 

LENT

14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017
11 Dekabr 2017
09 Dekabr 2017