“Nənə uşağı qucağına alıb, ananı vurursa...”PSİXOLOQDAN ÇAĞIRIŞ

Demək olar ki, əksəriyyətimiz nənə və babalarımızın verdiyi tərbiyə ilə böyümüşük. Onların isti qucağında nağıllarını dinləyə-dinləyə yatmışıq. Hazırda isə valideynlərin əksəriyyəti uşaqların nənə-baba himayəsində böyüməsinə razı olmur. Bunu da onunla izah edirlər ki, nənə və babalar nəvələrinin hər istədiyini yerinə yetirdiyi üçün onlar ərköyün olurlar. Bəs görəsən uşaqları necə tərbiyə etmək lazımdır ki, ərköyün olmasınlar? Doğrudanmı nənə və babaların himayəsi ilə uşaq böyütmək yanlışdır?

 

Psixoloq Aydan Talıbova Ailem.az-a deyir ki, son vaxtlar bu cür suallarla tez-tez rastlaşır. Əksər gənc valideynlər uşaq ərköyün olar deyə onu nənə-baba yanına yox, bağçaya qoymağa üstünlük verir: “Uşaqlar nənə və babaları tərəfindən aşırı qayğı ilə əhatə olunurlar. Onlar deyir ki, uşağı ağlatma, qoy nə istəyir etsin. Biz bu hallarla çox rastlaşırıq. Baxmayaraq ki, mən bir mütəxəssis olaraq ailədə böyüklərin olmasının tərəfdarıyam. Sadəcə olaraq onlar yaşlı insanlardır, biz isə gənclərik. Onlar keçmişin qayda-qanunu ilə gedirlər, biz müasir zamanın. Keçmişdə uşaqları cəzalandırmaq üçün küncə qoyardılar, amma indi küncə qoymağın tərəfdarı deyilik. Biz müəyyən məhrumetmə cəzaları veririk uşaqlara. Ona görə də nənə-babalarımız bizim uşağa tətbiq etdiyimiz məhrumetmələrin tərəfdarı deyillər. Biz uşağı cəzalandırırıqsa, deyirik, hansısa oyuncaqla oynamayacaqsan, televizora baxmayacaqsan. Uşaq da başlayacaq kapriz göstərməyə. Ağlayacaq, qışqıracaq. Yaxud inadkarlıq edəcək, aqressiyasını göstərəcək. Bunu da yaşlılar qəbul etmirlər. Düşünürlər ki, uşağa daha çox zərər yetiririk. Amma bununla biz uşağa olar-olmazı öyrədirik. Elə nənə-babalar var ki, uşağı alırlar qucaqlarına, yalandan ya ananı, ya atanı vururlar. Amma bu, uşaq psixologiyasının inkişafı üçün mənfi istiqamətlərdir. Kimsə deyə bilər ki, əvvəllər hər birimizi nənə-baba böyüdüb, heç bir problem olmayıb. Bu, doğrudur, amma onların metodikası artıq bu zaman üçün keçərli deyil. Artıq bizim cəmiyyətimiz qloballaşmağa, Avropalaşmağa doğru gedir. Ona görə də biz heç vaxt keçmişlə indini bərabər tuta bilmərik. Keçmişin davranış pozuntusu ilə indinin davranış pozuntusu bir deyil. Yaxud keçmişin hiperaktivi ilə indinin hiperaktivi heç vaxt eyni ola bilməz. Bəzi oxşar əlamətlər ola bilər, amma ümumi fərqi çox böyükdür. Buna görə uşaqların tərbiyəsində ana və atalara bu istiqamətdə yaşlılar da dəstək olmalıdır”.

 

Psixoloqun sözlərinə görə, uşağa sevgi və qayğı hər zaman göstərilməlidir, amma bunun da öz həddi var: “Biz uşaqların hər dediyini etməməliyik. Onlara mükafat sistemini təqdim etməliyik. Məsələn, sən bu işi etdin, buna görə bu mükafatı qazandın. Yaxud haradasa məni utanc vəziyyətinə salmadın, buna görə də səni mükafat olaraq filan yerə aparıram. Bu zaman uşağın ən sevdiyi yerə apara, ən sevdiyi nəyisə ala bilərik. Biz uşağın hər istədiyini edərək, ona qayğı göstərmiş kimi oluruq. Amma həmin uşaqda kaprizlər, davranış pozuntuları yarana bilir. Onun qarşısını almaq üçün vaxtlı-vaxtında düzgün tərbiyə etməliyik. Uşaq nə olar, nə olmaz, nə zaman olar, nə zaman olmazı mütləq bilməlidir”.

 

          

LENT

16 Dekabr 2017
15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017