Tanınmış modelyerdən MƏSLƏHƏT: Yeni il gecəsi belə geyinin...

Yeni il dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub. Dünyanın hər yerində bütün insanlar bu bayramı ümidlər, xoş möcüzələr, yeni uğurlar, xoşbəxtlik arzusuyla qarşılayırlar. Bu baxımdan Yeni il yaxınlaşdıqca, xüsusilə xanımlar bayram gecəsi nə geyinəcəklərini düşünürlər.

Yeni il gecəsində xanımlar və bəylər gözəl görünmək üçün nə etməlidir?

Bununla bağlı tanınmış modelyer Gülnarə Xəlilova Modern.az-a danışıb: “Bildiyiniz kimi 2018-ci  il sarı it ilidir. İt ilini qarşıladığımız zaman daha çox toplantı şəklində olmalıyıq. Çünki bu canlılar hər zaman toplum halda olmağı sevirlər. Yaxşı olar ki, Yeni il gecəsi qohum-əqrəba, tanışlar əhatəsində qeyd olunsun. Bu il hər zaman olduğu kimi, ilin sahibinin xoşuna gəlmək üçün geyimimizi, bəzədiyimiz süfrəmizi bayram əhval-ruhiyyəsinə uyğunlaşdırmaq lazımdır. Bu baxımdan çalışmalıyıq ki, bayram gecəsi seçdiyimiz geyimlər gözəl və rəngarəng olsun. Yeni il gecəsi xanımlarımız yaxşı olardı ki, qızılı tonlarda geyimlərdən istifadə etsinlər. Yaxud qızılı bəzək əşyalarına, parıltılı, çəhrayı, qəhvəyi, yaşıl, göy, portağal tonlarına üstünlük versinlər. Eyni zamanda bunları qeyri-adi aksesuarlarla tamamlamaq, geyimləri bəzəmək olar. Yeni il gecəsində geyimlərin tam qızılı, naxışlı olması da öz sözünü deyəcək.

Yeni il gecəsində geyimlərin seçilməsi baxımından bayramın qeyd olunacağı məkan çox önəmlidir. Əlbəttə, xanımlar ziyafət geyimlərində, kokteyl görüntülərdə də rahatlıqla bu bayramı keçirə bilərlər”.

 

Gülnarə Xəlilova kişilərin geyimlərindən də söz açıb: “Bəylərin geyimlərində ümumiyyətlə son illər çox rənglər var. Qırmızı, çəhrəyı, göy rənglər, göyqurşağında olan bir çox tonlar, naxışlar görmək mümkündür. Eyni zamanda,  bəylərin geyimlərində həcm, enli şalvarlar, paltolar  var. Əlbəttə, Yeni il gecəsində bəylərimiz də çalışmalıdır ki, geyimlərində qızıl sancaqlar, qalstuklar istifadə etsinlər. Onlar geyimlərində klassik rənglərə müraciət etsələr də, yaxalığın, qalstukun, boğazlarına bağladıqları şərfin maraqlı rənglərindən istifadə edə bilərlər. Ümumiyyətlə bəylərin geyimlərində naxışlar, zolaqlar, hətta milli naxışlar yer almaqdadır. Lakin adətən bəylər bu cür elementlərə diqqət yetirmirlər. Klassik geyimi sevən bəylər elə həmin obrazda da qalırlar. Amma hər yaşda, hər nəslin nümayəndəsində kreativliyi sevən bəylərimiz də var”.

 

Müsahibimiz 2018-ci ilin dəbindən də danışıb: “Ümumiyyətlə, 2018-ci ildə bir çox rənglər dəbdə olacaq. Eyni zamanda təbii parçaların istifadəsi daha çox məsləhət görülür. Təbii parça deyəndə biz təbii  atlas, şifonlar, kaşmir, yunu nəzərdə tuturuq. Təbii dərilər, xəzlər də bura aid ola bilər. Amma bilirsiniz ki, son illərdə təbii xəzlər və dərilər əvəzinə onlarla eyni keyfiyyətdə hazırlanmış bənzərlərini, onların imitasiyalarını istifadə etməyə çalışırlar.  Bu da əsasən  dizaynerlərin, heyvansevərlərin təşəbbüsü ilə atılan addımdır.  Dizaynerlər son illər təbii xəzlərdən, dərilərdən istifadə etməkdən çəkinirlər. Üzümüzə gələn ildə qızılı rənglərlə yanaşı gümüşü rəng də aktual olacaq. Qızılı tonlar demək olar ki, hər mövsümdə gündəmdə olurlar. Hər bir geyimin üzərinə ya qızılı, ya da gümüşü bəzək əşyaları taxırıq”.

 

LENT

16 Yanvar 2018
15 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018
11 Yanvar 2018