Kürt yatan erkək dəvəquşu - MARAQLI FAKTLAR

Tanınmış azərbaycanlı səyahətçi-fotoqraf Arif Ələkbər Tanzaniyada Tarangire qoruğunda dəvəquşuları lentə alıb. Ailem.az fotoqrafın həmin görüntülərini və dəvəquşular haqda qeydlərini təqdim edir.

 

- Afrika dəvəquşusu dünyada ən ağır çəkili quş olmaqla yanaşı, sürətinə görə atı da geridə qoyur.

 

- Dəvəquşunun (Struthio camelus) adı yunan dilindən tərcümədə “sərçə-dəvəquşu” deməkdir. Elə bizim dildə də adının dəvəylə bağlılığı var. Niyə? Qeyd etdiyim kimi, dəvəquşu çox sürətlə qaçır, saatda 50 km, qısa məsafədə hətta 70 km/saatadək. Qaçanda addımlarının uzunluğu 3,5-4 metrədək olur. Bunu başqa heç bir quş edə bilmir. Belə iri addımla qaçma məharətləri cəmi 2 barmaqdan ibarət olan əzələli ayaqlarının sayəsində mümkün olub. Bu cür quruluş bir çox cütdırnaqlılarda da var, əsasən də dəvələrdə. Elə bundan qaynaqlanaraq dəvəquşu adı yaranıb.

 

- Dəvəylə daha bir oxşarlığı uzun müddət susuz qala bilmələri və isti havada bədən temperaturlarını 3-4 dərəcəyə salmalarıdır. Bu, bədən nəmişliyinin buxarlanmasının azalması üçün lazımdır. Gecə də gün ərzində topladıqları hərarəti özlərini və balalarını qızındırmaq üçün istifadə edirlər.

 

- Bu dəvəquşular, əsasən, quraq yerlərdə məskən salırlar. Amma mən gördüklərim savanna yaşıllıqlarında da gəzirdilər. Hazırda bütün Afrika qitəsi boyunca geniş yayılıblar. Əvvəllər Yaxın Şərqdə çox geniş ərazidə yaşasalar da, lələk, dəri və ətlərinə görə kütləvi qırğına məruz qalaraq 1966-cı ildən Afrika dəvəquşusunun Yaxın Şərq yarımnövü tamamilə məhv olub.

 

- Boyları 2,5-2,7 metrədək olur. Erkəklərin çəkisi 120, dişilərinki isə 100 kq-dəkdir. Erkək fərdlər dişilərdən təkcə ölçülərinə görə fərqlənmirlər, onlar həm də daha parlaq rəngli olurlar.

 

- Dəvəquşular həmişə 10-15 fərddən ibarət ailə şəklində yaşayırlar. Hər ailənin də bir ailə başçısı olur, təbii ki. Onun arxasınca dişi, daha sonra 4-6 dişi və onların balaları hərəkət edir. Ailə başçısı və onun dişisi nə edirsə (qidalanmaq, dincəlmək, torpaq duşu qəbul etmək), qalanları da onları təkrarlayır.

 

- Ata olmağa hazırlaşan erkək 30-60 sm dərinlikdə yuva qazmağa başlayır. Dişi fərdlər də yuvaya yaxın yerdə yumurta qoyur. Amma gecə-gündüz kürt yatmaq dişinin yox, erkəyin başlıca funksiyası olur. Arada günortalar yem dalınca gedəndə dişi dəvəquşu erkəyi qısa müddətlik əvəz edir.

 

- Hər dişi dəvəquşu 6-8 yumurta qoyur. Ümumuilikdə isə ailə üzrə 20-25 ədəd olur. Hər yumurta 15-21 sm olur. Çəkiləri də 1,5-2 kq-dəkdir. 40-45 gün ərzində ata kürt düşür. Bala dünyaya gələndə çəkisi 1-1,2 kq olur. 4 aylıqlarında artıq 18-19 kq-dək olurlar.

 

- Dəvəquşular, əsasən, vegetariandırlar. Bitki qıtlığı olanda həşərat, kiçik gəmiricilər və s. də daraşırlar. Yeri gəlmişkən, dişləri də yoxdur.

 

- Gecənin çox hissəsini dəvəquşu boynunu qabağa verib yerdə oturur. 3-4 dəfə boynunu qabaq tərəfə yerə sərərək yatır. Bu zaman digər ayıq dəvəquşular onun keşiyini çəkir.

 

- Vəhşi heyvanlar dəvəquşu balaları üçün təhlükə yaratdıqda erkək dəvəquşu başlayır “artistlik” etməyə ki, guya yaralıdı, əyri xətlə qaçır, arada yerə yıxılır, sürünür. Bu an vəhşi heyvan daha çox ət yemək həvəsiylə balanı yaddan çıxarır, cumur bu “yaralı” erkəyin üstünə. Erkək də qaçırə. Bu arada balalar digər yaşlı erkəklərin qanadları altında gizlənirlər.

 

- Dəvəquşuları orta hesabla 75 il yaşayır.

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018