Azərbaycanda check-up müayinəsi neçəyədir? - QİYMƏTLƏR

Check-up hər hansı sağlamlıq problemi olmadan sağlamlığı qorumaq, ola biləcək xəstəlik risklərinin erkən dövrdə təsbiti və müalicəsi üçün tətbiq olunan, hər kəsin ildə bir dəfə nizamlı olaraq etdirməsi lazım olan səhiyyə araşdırmasıdir. Məlumata görə, check-upa gəlmədən öncə xəstələr daha əvvəldən edilmiş test nəticələrini özləri ilə gətirməli, ac gəlməli, gecə saat 12.00-dan sonra yeməməli, yalnız su içməlidir. Qadınlar üçün check-up günü menstruasiya dövründə edilə bilməz. Bundan başqa, qabaqcadan kəsilməsi lazım olan dərmanları həkimlə məsləhətləşmək lazımdır.

 

Bəs insan hər istəyəndə və ya pulu olanda gedib check-up oluna bilərmi? Mütəxəssislər deyir ki, insanlar vəziyyətlərinə görə tənzimlənmiş check-up müayinəsinə getməlidir. Ümumilikdə isə hər bir insan 45 yaşından sonra müntəzəm olaraq check-up üçün həkimə getməlidir. Qadınlar isə ildə iki dəfə müayinədən keçməlidir. Buna səbəb qadınlarda uşaqlıq boynu xərçənginin öncədən aşkara çıxması üçün altı aydan bir və ya ən az ildə bir dəfə retrospektiv analiz verilməsinin vacibliyidir. Heç bir problemi, şikayəti olmayan xəstələr belə ginekoloqun müayinəsindən keçirlər.

 

Check-up cinsindən və yaşından asılı olmayaraq hər kəs üçün vacibdir. Diabet, xolesterol yüksəkliyi, ürək-damar xəstəlikləri, süd vəzi, uşaqlıq və uşaqlıq boynu, yoğun bağırsaq, sidik kisəsi və prostat vəzi kimi bəzi orqanların xərçənginin, həmçinin osteoporoz kimi xəstəliklərin rastgəlmə tezliyinin artması sağlamlıq müayinələrinin müntəzəm aparılmasını vacib edir. Xüsusilə də genetik risk daşıyan şəxslərin ən azı ildə bir dəfə check-up müayinədən keçmələri ilə qeyd edilən xəstəliklərin qarşısını almaq mümkündür. Hər hansı sağlamlıq problemi olmayan insanlar ildə bir dəfə ümumi müayinədən keçməlidilər. Yaş, çəki, irsi faktor, əvvəllər keçirilmiş xəstəlik anamnezi və həyat tərzi kimi bir çox nüanslar nəzərə alınaraq hər bir şəxs üçün fərdi check-up paketi də hazırlana bilər.

 

Ailəsində piylənmə, diabet və yüksək təzyiq kimi xroniki xəstəliyi olanlar, ginekoloji orqanlar, süd vəzi və prostat vəzi xərçəngi kimi xəstəliklər üçün risk qrupuna daxil olanlar, digər xroniki və irsi xəstəliklər üçün risk qrupuna daxil olanlar, gərgin şəraitdə və ağır stress altında işləyənlər, menopauza dövrünü daha sağlam keçirmək istəyən qadınlar check-updan mütləq keçməlidir.

Fərdi sağlamlıq analizi proqramı tərtib edilərkən ilk hədəf şəxslərin xəstəliklərdən qorunmasını təmin etməkdir.

Genetik quruluşunu, qidalanma və idman vərdişlərini, sosial həyatını, təhsil və iqtisadi səviyyəsini, yaşadığı ətraf mühit amillərini nəzərə aldıqda hər bir şəxsi dünyada “tək” hesab etmək olar. Bu baxımdan check-up adlandırılan sağlamlıq analizləri yalnız sizə aid olduqda daha faydalı olur.

*****

“Yeni Müsavat” ayrı-ayrı klinikalarda check-up tarifləri ilə maraqlanıb. Əməkdaşımız pasient kimi müraciət etdiyi klinikalarda hər növ check-up-ın qiymətini öyrənməyə çalışıb və ortaya ilginc mənzərələr çıxıb.

 

Başlayaq “Grand Hopital”dan. Burada proktoloji check-up 59 manatadır. 15 yanvardan 30 yanvaradək davam edəcək aksiyada check-up paketinə proktoloqun müayinəsi, qanın ümumi analizi, rektoskopiya, qanda şəkər daxildir.

Terapevtik check-up isə 98 manatdır. Bura müayinə, EKQ, hemoqram, döş qəfəsinin rentgeni, qanda laxtalanma müddəti, kreatinin, amilaza alfa, qlükoza, xolesterin miqdarı, ALT, AST, sidiyin ümumi analizi, Hepatit B, C, qarın boşluğunun USM müayinəsi  daxildir.

 

Dietoloji check-up - 60 AZN

Heporoloji check-up - 59 AZN

Hematoloji check-up - 60 AZN

Saç üçün check-up - 39 AZN

 

“Sağlam Ailə” klinikasında isə terapevtik chek-up 49 manatdır. Bura da həkim konsultasiyası, qan, sidik analizi, ürəyin və qaraciyərin USM-i, döş qəfəsinin rentgeni, daxili orqanların müayinəsi daxildir. Diabetik chech-up da 49 manatadır.

 

“Vital Klinika”da yanvar ayının sonuna qədər kampaniya var. Kampaniyaya əsasən, check-up 20 manatadır. Bura isə həkim terapevtin müayinəsi ilə yanaşı, qaraciyər, öd kisəsi, böyrəklərin EKQ-si, hemoqram, döş qəfəsinin rentgeni, qanda laxtalanma müddəti, kreatinin, amilaza alfa, qlükoza, xolesterin miqdarı, ALT, AST, sidiyin ümumi analizi, Hepatit B, C, qarın boşluğunun USM müayinəsi  daxildir.

 

Mərkəzi Klinik Xəstəxanada sonsuzluq check-up-ı 39, kardioloji 59, pediatrik 49, diabetik check-up isə 100 manatadır.

 

“Ankara” klinikasında da hazırda ancaq terapevtik check-up müayinəsi mövcuddur və qiyməti 55 manatdır. Bura da həkim terapevtik müayinəsi ilə yanaşı, qaraciyər, öd kisəsi, böyrəklərin EKQ, qanda laxtalanma müddəti, qarın boşluğunun USM müayinəsi, qlükoza, xolesterin miqdarı, sidiyin ümumi analizi, Hepatit B, C, qarın boşluğunun USM müayinəsi  daxildir.

 

“Funda klinikası”nda da check-up qiyməti 50 manat məbləğindədir. Bura da terapevtik check-upda öz əksini tapan müayinə və analizlər daxildir.

 

“HN Güvən Klinikası”nda isə pediatrik check-up paketi 80 manatdır. Amma klinikada diabetik check-up 46, kardioloji 72 manatdır. 36 növ analiz və müayinənin yer aldığı tam cehck-up isə 407 manatdır.

 

Zaman-zaman paytaxtda check-up kampaniyaları da keçirilir. Məsələn, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan ASAN xidmət mərkəzlərində hər il check-up müayinələr keçirilir. 6 dəqiqəyə 27 (aclıq) və 23 (toxluq) meyarı üzrə müayinədən keçən hər bir vətəndaşın sağlamlıq nəticələri anındaca SMS şəklində onun telefonuna göndərilir. Müayinənin ümumi qiymət 19 manat müəyyən olunub.

 

Gördüyünüz kimi, qiymətlər aşağı-yuxarı bir-birinə yaxındır. Amma sorğu zamanı tamamilə bütün orqanların müayinəsini özündə əks etdirən check-up formasına rast gələ bilmədik.

 

LENT

20 Fevral 2018
19 Fevral 2018
17 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018