Azərbaycanlı plastik cərrahın metodikası ABŞ-da dərsliyə salındı

Azərbaycanın tanınmış plastik və rekonstruktiv cərrahı tibb üzrə elmlər doktoru, professor Vaqif Qələndərin yaratdığı və bərpa əməliyyatlarında tətbiq etdiyi metodika ABŞ-ın nüfuzlu universitetinin dərsliyinə salınıb. Bu haqda Ailem.az-a Azərbaycan Tibb Universitetinin mətbuat xidmətindən bildiriblər.

 

Məlumata görə, ABŞ-ın Florida Tibb Kolleci Universitetinin (Jacksonville) dosenti, çənə-üz cərrahiyyəsi şöbəsinin rəhbəri, mikrovaskulyar cərrahiyyənin direktoru Rui Fernandesin müəllifi olduğu “Baş və boyun nahiyəsi rekonstruksiyası üzrə cərrahiyyədə yerli və regional fleplər. Praktiki yanaşma” dərsliyində Vaqif Qələndərə məxsus xüsusi metodika da ayrıca fəsil kimi salınıb.

 

Dərsliyin 20-ci fəsli Vaqif Qələndərin yaratdığı “Süd vəzinin fasial-dəri fleb diaqnozlu daxili döş arteriyası cərrahiyyəsi: yeni flebin təsviri” adlı bölmə salınıb. Burada azərbaycanlı cərrahın yaratdığı və neçə illərdir tətbiq etdiyi xüsusi metodikadan bəhs olunur.

 

Vaqif Qələndərin sözlərinə görə, bu metod 1999-cu ildə Səhiyyə Nazirliyinin və ATU-nun xüsusi icazəsi ilə Azərbaycan məhkəmə tibbi ekspertizasının morqunda insan meyitləri üzərində aparılan araşdırmalardan sonra öz təsdiqini taparaq, canlı insanlarda tətbiq edilmişdir. Süd vəzinin və döş qəfəsi toxumalarının yenidən bərpası üçün yeni yanaşma ortaya qoyan yeni metodika yaradılmışdır. 1999-cu il sentyabrın 29-da Quş adasında keçirilən Ümumdünya Plastik-Rekonstruktiv Cərrahiyyə Konqresinə təqdim olunmuş bu ixtira 360 yenilik içərisindən seçilərək, beynəlxalq mükafat və diploma layiq görülüb.

Bu cərrahiyyə metodu dünyanın impakt faktorlu nüfuzlu jurnallarında nəşr olunmuşdur.

Yaponiyada, Braziliyada, Çilidə, Türkiyədə, Koreyada, ABŞ-da bu metodla cərrahiyyə əməliyyatları həyata keçirilir. ABŞ-ın Florida ştatının qabaqcıl, nüfuzlu klinikalarında bu metodla cərrahiyyə əməliyyatları aparılır.

 

Vaqif Qələndər plastik və rekonstruktiv cərrahiyyə ixtisası üzrə tələbələrin və rezidentlərin hazırlanması üçün Azərbaycan Tibb Universitetində ilk dərslik və dərs vəsaitinin müəllifidir. Cərrahın özünə məxsus altı yeni cərrahiyyə metodu, 78 elmi əsəri xarici ölkə jurnallarında və konfranslarında nəşr olunub. Vaqif Qələndər bir çox mürəkkəb əməliyyatlar, o cümlədən dirsəkdən qopmuş qolun 6-8 saatdan sonra təkrar yerinə replantasiyası (bərpa olunması) əməliyyatını müvəffəqiyyətlə həyata keçirib. 30-dan çox xarici ölkə elmi konfranslarında məruzəçi qismində iştirak edib. V.Qələndər Bakıda 3 dəfə beynəlxalq plastik və rekonstruktiv cərrahiyyə üzrə beynəlxalq konfransların bilavasitə təşəbbüskarı və təşkilatçısı kimi çıxış edib. Azərbaycan Plastik Cərrahiyyə İctimai Birliyinin yaradıcısı və sədri, Beynəlxalq Plastik Cərrahiyyə Assosiasiyasının idarə heyətinin həqiqi üzvüdür.

 

LENT

20 Fevral 2018
19 Fevral 2018
17 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018