Donuz səsi çıxaran, it kimi hürən, adam kimi bağıran heyvan - FOTO

“İlk baxışdan artistlik eləyib yöndəmsiz görünsələr də, əslində, çox cəlddirlər. Safaridə nahar üçün ayrılmış xüsusi yerə çatanda kiçik hasar boyunca əli dəyənəkli adamların dayandığını gördüm. Dedilər babuinləri qovmaq üçün dayanıblar. Burda də nahar balaca qutuya yığılmış quru qidadan ibarət olur. Elə təzəcə lövbər salıb oturmuşduq ki, bir də gördüm zırpı babuin sürətlə hasarı aşaraq bir az qabaqda nahar qutusunu bəh-bəhlə çıxaran yaşlı xanım turistə tərəf cumdu. Qutunu xalanın əlindən qoparıb elə gəldiyi sürətlə də mühafizəçinin dəyənəyini dadmadan geri qaçdı. Xala da qaldı ac”.

 

Ailem.az-ın məlumatına görə, bunu Afrikaya səyahət edən azərbaycanlı fotoqraf Arif Ələkbər deyib. Fotoqraf babuinlər haqda maraqlı məlumatlar toplayıb. Həmin qeydləri təqdim edirik.

 

- Babuinlər intellektuallığına görə şimpanzeyə də meydan oxuyan pavian növüdür. Afrikadakı primatlar arasında insanlarla ən çox ünsiyyətdə olanlar da məhz babuinlərdir.

 

- 50-80 fərddən ibarət sürüdə yaşayırlar. Sürünün başında bir neçə erkək və o qədər də dişi olur. Bir sürüdə erkəklərin sayı 6-8, onlarla dişi və müxtəlif yaşlı balalar olur. Sürüylə birgə yerdən-yerə köçürlər, qidalanırlar, körpələri böyüdürlər, düşmənlərdən qorunurlar. Çox vaxt antilopların həndəvərində olurlar ki, təhlükə olunca həssas antiloplar bundan xəbər tutanda qaçıb canlarını qurtara bilsinlər.

 

- Erkəklər dişilərdən 2 dəfə böyük olur. Çəkiləri də 45 kq-dək. Böyük fərdin quyruğunu hesablamasaq, ölçüsü 75 sm-dir (təkcə quyruğu 60 sm).

- Uzun, it sifətini xatırladan iti dişlərdən ibarət kəllələri olur. Əsasən, yerdə yaşayırlar. Yatandan-yatana hündür ağaclara dırmaşanı da olur.

 

- Ünsiyyət üçün 30-dan çox səsdən istifadə edirlər. Donuz səsi çıxara, it kimi hürə və adam kimi bağıra bilirlər.

 

- İnsanlardan qəti qorxuları yoxdur. Ya gəlib onlardan nəsə dilənirlər, ya da oğurlayıb qaçırlar. Amma insanlarla münasibətdə gərginlik hiss edirlərsə, adətən, hücum etmədən qaçıb gedirlər.

 

- Çox asanlıqla əhilləşirlər. Belə babuinlər insanlara çox sadiq olurlar.

 

- Qida baxımından problemləri olmur. Çünki nə olsa yeyirlər: bitki, kiçik həşəratlar, balıq, kərtənkələ, siçan və başqa xudmani gəmiricilər. Əsas odur, içməyə suları olsun.

 

- Babuinlərin hamiləlik dövrü 6 ay davam edir. İldə iki dəfə nəsil artırırlar. 1 və ya 2 balaları olur. 5-8 yaşında “ailə qururlar”.

- 40-45 ilədək yaşayırlar. 

LENT

20 Fevral 2018
19 Fevral 2018
17 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018