Bu dərmanları təhlükəsiz hesab edirik, əslində isə... - PEDİATR AÇIQLAYIR

Hazırda qış fəslidir və soyuq havalar da insanlarda müəyyən xəstəliklərin yaranmasına səbəb olur. Uşaqlar bu cür xəstəliklərə daha tez yoluxurlar. Onlarda qrip, soyuqdəymə, özkürək, qızdırma və sair kimi hallara daha sıx rastlanır. Xüsusilə də bu il geniş şəkildə yayılmış, adıçəkilən xəstəliklərdən bir neçə günə qurtulmaq mümkün deyil və hətta bu aylarla davam edir. Uşaqda xəstəliyin sağalmadığını görən valideyn isə çox təşvişə düşür. Çarəni dərman preparatlarında görürlər. Uşaqlara sağlamlıq baxımından daha uyğun gördükləri bitki tərkibli dərmanlarıverməyə çalışırlar. Amma mütəxəssislər bütün dərmanların olduğu kimi, bitki tərkibli dərmanların da yerli-yersiz istifadəsi zamanı müəyyən fəsadlara yol açacağını bildirirlər.

 

Pediatr Altay Abdullaoğlu Ailem.az deyir ki, bütün dərmanların fəsadları, yan təsirləri mövcuddur: “Həkimin məsuliyyəti xəstəyə doğru diaqnoz qoymaq və o xəstəni sağaltmaq üçün imkan daxilində ən yüngül, ən az sayda dərmanların təyin edilməsidir. Uşaqlara dərman preparatları verilərkən mütləq olaraq onların yaşı, çəkisi nəzərə alınmalıdır. Lakin həkim doğru diaqnoz qoyduqdan, uşağın yaşını, çəkisini düzgün nəzərə aldıqdan sonra belə fəsadlar baş verərsə, bundan dolayı həkim məsul deyil”.

 

Abdullaoğlunun sözlərinə görə, bəzi valideynlərdə belə bir düşüncə var ki, həkim dərmanı yazdı və o dərmandan sonra fəsadlar əmələ gəldisə, deməli, burda mütləq olaraq həkim günahkardır: “Təbii ki, bu, düzgün düşüncə deyil. Belə ki, həkim xəstəliyi müalicə etmək üçün bəzən dərman yazmaq məcburiyyətindədir. Dərmansız xəstəliyi müalicə etmək mümkünsüzdür. Və hazırda müasir təbabətdə fəsadı olmayan dərman preparatı da mövcud deyil. Ən sadə hesab etdiyimiz dərmanların belə çox sayda fəsadları mövcuddur”.

 

Pediatr vurğulayır ki, bəzən valideynlər dərmanların bir çoxunun, xüsusilə də bitki tərkibli dərmanların fəsadlarınln olmadığını düşünür: “Buna valideynlərin həkimə müraciət etmədən istifadə etdiyi qızdırmasalıcı dərmanları da misal göstərmək olar. Bunlardan ən sadəsi, yan təsiri az olaraq hesab olunanı, uşaqlar və böyüklər tərəfindən daha çox istifadə edilən “parasetamol” tərkibli dərmanlardır. Lakin hətta bu tərkibli dərmanların belə, çox sayda fəsadları ola bilər. Bu dərmanı istifadə etdikdən sonra mədə-bağırsağın, ürəyin, tənəffüs siteminin, dərinin, qaraciyərin, böyrəyin, sinir sisteminin, gözün, qan xəstəliklərinin belə, bir sıra problemləri ortaya çıxa bilər. Ona görə də hətta sıradan hesab olunan dərmanları da həkim göstərişi olmadan qəbul etmək doğru deyil. Bizlər bir həkim olaraq, müasir tibb olaraq, bir valideyn olaraq dərmanların bu yan təsirlərindən xilas ola bilmərik, lakin dərmanların yersiz istifadəsinin qarşısını ala bilərik”.

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018