İmmunitet hansı səbəblərdən zəifləyir? - HƏKİMDƏN VACİB QEYDLƏR

Orqanizmin qoruyucu sistemi sayılan immunitetin zəifləməsinə səbəb olan amillər hansılardır? İmmun sisteminin pozğunluğu zamanı üzə çıxan fəsadlar nə dərəcədə təhlükəlidir? İmmuniteti gücləndirən müalicələr əsaslıdırmı?  İmmunitet zəifləməsindən əziyyət çəkənlər nələrə diqqət etməlidirlər? İmmun sisteminin qaydada olmadığını göstərən əsas əlamətlər hansılardır? İmmunitetdə yaranan patologiyaları vaxtında aşkarlamaq və qarşısını almaq mümkündürmü?  İmmun sisteminin profilaktikası üçün nələri bilmək vacibdir? APA TV-nin "Öncə sağlıq" layihəsinin növbəti buraxılışında bu və başqa sualları cavablandıran immunoloq, Tibb Universitetinin Elmi Tədqiqat İmmunologiya Laboratoriyasının müdiri, professor Gülnarə Nəsrullayeva deyib ki, immun sistemi orqanizmi bütünlükdə, başdan-ayağa əhatə edən başlıca sistemdir. İmmun sistemi normal fəaliyyət göstərəndə, onun ayrı-ayrı mexanizmləri arasında tarazlıq olanda insan özünü sağlam hiss edir. İmmun sistemində tarazlığın pozulmasına təsir edən bir çox amillər olduğunu deyən immunoloq  bunlardan ən başlıcasının infeksion törədicilər olduğunu vurğulayıb.   

 

İmmunoloqun sözlərinə görə, immun sistemi zəif olan insanlarda adi bir xəstəlik belə fəsadlar yaradar, patogen, müalicəyə tabe olmayan hala çevrilə bilər: "Bu, hətta əlilliyə gətirib çıxara bilir". 

 

Mütəxəssis hesab edir ki, Azərbaycan əhalisi və hətta tibb işçiləri immun sistemi haqqında dəqiq biliklərə malik deyil. 

 

İmmunoloq bildirib ki, immundefisit vəziyyətlərdə, tarazlıq pozulanda həm zəiflik, həm də qeyri-normal aktivlik vəziyyətləri yarana bilər.

 

G. Nəsrullayeva qeyd edib ki, immun sisteminin risk faktoru yaradan dövrü əsasən körpələrə, kiçik yaşlı uşaqlara və 70-75 yaşdan yuxarı insanlara şamil edilir.

 

Uşaqlarda müşahidə olunan anadangəlmə immun çatışmazlığı haqda danışan mütəxəssis bu halların 90 faizinin ana bətnində döldə genetik mutasiya yaranması nəticəsində baş verdiyini açıqlayıb. Bildirib ki, buna səbəb olan əsas amillərdən biri qohum evlilikləridir. Yaxın qan qohumluğu immun çatışmazlığı üçün böyük risk faktorudur.

 

Sonradan yaranan ikincili immun çatışmazlığı barədə danışan immunoloq deyib ki, bu, həyat üçün o qədər də təhlükəli deyil, müvəqqəti haldır, müəyyən səbəblə bağlıdır, səbəb aradan qalxan kimi immun sistemi özü-özünü bərpa edir.

 

İmmunoloq autoimmun xəstəliklərindən də danışıb, bu xəstəliklərin uzun müddətli, illərlə davam edən problemlər olduğunu açıqlayıb. Onlardan tamamilə azad olmaq hələ də tibbin qarşısında duran problemdir.

 

Mütəxəssis deyib ki, immun çatışmazlığının ən böyük əlamətlərindən biri tez-tez yoluxucu xəstəliklərə tutulmaqdır. Bundan başqa dəridə, selikli qişalarda uzun zaman, aylarla davam edən səpgilər, göbələk infeksiyaları, bədəndə ləkələrin yaranması şübhə yaradan hallardır.

 

Bundan başqa, uşaqlarda anadangəlmə qüsurların olması da immun çatışmazlığının olmasına şübhə yaradır.

İmmunoloq immun sisteminə təsir edən preparatlardan, həmin preparatların yarada biləcəyi fəsadlardan da danışıb.

 

İlk növbədə ana südünün immun sisteminin bünövrəsini təşkil etdiyini deyən G. Nəsrullayeva immun sistemini möhkəmləndirəm qidaları da açıqlayıb.

 

"Öncə sağlıq" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

 

 

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018