Autizmli uşağı olan valideynlər bu kitabı mütləq alsın - FOTOLAR

“Azərkitab”da müəllif Lalə İsmayılovanın “Autizm - ev şəraitində təlim” adlı kitabın təqdimat mərasimi keçirilib. Kitabdakı təlimin əsasında tanınmış alim, amerikalı mütəxəssis Tara Delaninin xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün hazırladığı sistem durur. Autizmli uşağa sahib valideynlər üçün faydalı vəsait olan bu kitabdakı təlimlərlə çox əngəlləri aşmaq mümkündür. Oyunlar əsasında qurulan təlimdə uşaqlar əylənərək öyrənəcəklər. Hər bir oyunun böyük hədəfləri və məqsədləri var. Sistemli şəkildə qurulan oyunlar sonda autizmli uşağın hansısa bacarığı qazanmasına səbəb olur. Bu kitabla öz övladı ilə yanaşı, başqa autizmli uşaqlara və analara dəstək olmaq istəyən Lalə İsmayılova onları autizmə təslim olmamağa çağırır: “Autizm hər şeyin sonu demək deyil. Erkən müdaxilə, doğru yol seçməklə və düzgün vasitələrdən istifadə edərək autizmə qalib gəlmək mümkündür. Autizmli uşaqlarla zərgər dəqiqliyi ilə işləmək lazımdı”.

 

Təqdimat mərasimində psixoloq Kəmalə Əliyeva, psixoloq-reabilitoloq İlham Osmanlı, yazıçı Çinarə Köcərli, Birgə və Sağlam İB sədri Aytən Eynalova çıxış edərək, bu kitabın autizmli uşaq sahibi olan valideynlərin maariflənməsində, onların övladları üçün faydalı ola bilməsində əhəmiyyətli rol oynayacağına inandıqlarını bildiriblər.

 

Təqdimat mərasimində Lalə İsmayılovanın ideyası ilə autizmli yeniyetmə Xaqan Əliyev və müəlliməsi Firuzə İsmayılovanın “Eurovision” qalibləri Eldar və Nigarın birgə ifa etdikləri “Running Scared” mahnısının sədaları altında etdikləri rəqs marağa səbəb olub. Tədbirə qatılan müğənni Eldar Qasımov bu rəqsi alqışlarla qarşılayaraq, autizmli gəncə öz diskini hədiyyə edib. Eldar Qasımov bildirib ki, mahnının ifası onu çox təsirləndirib və sevindirib: “Bu cəmiyyətdə hər kəs heç nəyə baxmayaraq, bir-birinə kömək etməlidir. Kiminsə təbəssümünün səbəbkarı olmaq çox gözəl bir hissdir və bunu hər kəs istəməlidir. Həm də təbəssüm üçün bu səbəbi yaratmaq lazımdır. Autizmlə mübarizə aparan insanlara da öz yaxınlarımız, dostlarımız kimi davranmalıyıq və hər zaman dəstək olmalıyıq. Çünki onlar cəmiyyətimizin bir parçasıdır”.  

 

Təqdimat mərasimi Tünzalə Ağayevanın autizmli uşaqlara həsr etdiyi “Fərqliyəm” mahnısının sədaları altında davam edib.

 

Autizmli uşaq anası olan Lalə İsmayılova Xarici Dillər Universitetin tərcümə fakültəsini bitirib, övladına autizm diaqnozu qoyulduqdan sonra bütün həyatı dəyişən müəllif xəstəliyə qalib gəlmək üçün bu sahəni öyrənməyə, bir mütəxəssis kimi öyrəndiklərini tətbiq etməyə başlayıb. O, Rusiyanın Surqut şəhərində "Aprel" reabilitasiya mərkəzində oxuyub və elə orda uşaqlara təlim verib. Daha sonra Amerikanın “Autism and the environment” online kursunu bitirib və hazırda Amerikanın “Autism society”, yəni Autizm Cəmiyyətinin üzvidir. Türkiyədə autizm üzrə ailə təhsili alıb.

 

Qeyd edək ki, tədbir “Ümid var” Xeyriyyə Birliyinin dəstəyi ilə düzənlənib.

 

LENT

23 Aprel 2018
21 Aprel 2018
20 Aprel 2018
19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018