Bu gün yel çərşənbəsidir

Bu gün Novruz çərşənbələrindən üçüncüsü - yel çərşənbəsidir. Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınır. İnanca görə, bu gün yel dünyanı dolaşır, suyu, odu hərəkətə gətirərək yazın gəlişindən xəbər verir.

 

Ailem.az-ın məlumatına görə, Yel çərşənbəsinə el arasında "küləkli çərşənbə”, "külək oyadan çərşənbə”, "yelli çərşənbə” də deyilir. Yel çərşənbəsində adətən hava təmizlənir. Küləyin insanlara xoş və şirin təəssüratlar gətirəcəyinə inanırlar. Yel çərşənbəsində əsən küləklər bir gün ərzində bir neçə dəfə istiqamətini dəyişir. Bu çərşənbədə də hamının həyətində tonqal qalanır. Şifahi xalq yaradıcılığında yelin tanrı olması ilə bağlı nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranıb. Novruz şənliklərində icra olunan Yel baba mərasimi öz kökü etibarı ilə qədim əcdadlarımızın yel tanrısına etiqadı ilə bağlıdır.

 

Yel çərşənbəsinin xalq təfəkküründəki canlandırılmış obrazı olan Yel baba insanların arzu-diləklərini, niyyətlərini öz nəfəsi - ilıq mehi, xoş havası ilə cana gətirib, əməli cəhətdən həyata keçirən gücün təmsilçisidir. 

 

Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov və ya bulğur aşı bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür. Qadınlar axır çərşənbə üçün hazırlıqlar görürlər. Ev əşyaları sürtülüb təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürlər. Bu gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır.

 

Bundan başqa, inanca görə Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət edib və Yel babanı çağırırsan. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər.

 

Sularımız axsın, ocağımız yansın, küləyimiz əssin, torpağımız dirçəlsin. Çərşənbələr hamımıza uğur, bərəkət gətirsin!

 

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018