Nərmə-nazik dik-dik – HEÇ BİR VƏHŞİ HEYVANDAN QORXMUR

Azərbaycanlı məşhur fotoqraf Arif Ələkbər Tanzaniyanın Serengeti qoruğunda Dik-dik antiloplarının fotolarını çəkib. Ailem.az fotoqrafın bu balaca heyvanlar haqqında maraqlı fikirlərini və fotolarını təqdim edir.

 

- Elə adına layiq nərmə-naziklik etalonu, yalnız Afrikada yaşayan Dik-dik antilopu. Oyuncaq ölçülərinə rəğmən az aşın duzu deyillər. Çox da döyüşkən və hətta “sırtıq” xasiyyətlidirlər.

 

- Bu heyvanın cəmi 4 növü var. Əsas var-gəl etdikləri ərazilər də daş-qalaqlı, kollu-tikanlı yerlərdir. Dik-dikləri çox nadir hallarda açıq ərazidə görmək olar. Yaşadıqları sıx kolluqlarda yalnız özlərinin daxil ola biləcəkləri ölçüdə tunelə bənzər cığırlar düzəldirlər. Ona görə də nə giyenadan qorxurlar, nə bəbir, nə də başqa Dik-dikə iştaha ilə baxan heyvanlardan.

 

- Ən kiçik antiloplardan sayılan Dik-diklərin bədən ölçüləri növündən asılı olaraq 45-80 sm-dək olur, boyları da 30-35 sm. Bəzilərinin çəkisi 1,5-2 kq, digərlərinin isə 5-6 kq-dək olur. Bu oyuncaq simalarına xüsusi tamamlıq verən də kibrit kimi nazik ayaqlarıdır. Hə, bir də - o böyük gözlər! Aşiq olmamaq mümkün deyil!..

 

- Dişilər erkəklərdən daha böyük ölçüdə olur. Əvəzində erkəklərin 10 sm-lik iti buynuzları var.

 

- Hər cütlüyün erkəyin böyük görməmişliklə qoruduğu öz ərazisi olur. Ərazi də, maşallah, 0,3 hektardan ta 20 hektara kimi. Onun sərhədlərində növbətçiliyi bəzən ailə podrat üsluyla çəkirlər. Bəzən hətta balalarını da bu işə cəlb edirlər. Ərazilərində sahiblik statusunu bildirmək üçün həm də fitə bənzər səs də çıxarırlar. Səs elə «dik-dik» kimi çıxır deyə adlarını da elə Dik-dik qoyublar. Qəliz oldu? Çıxardıqları səsə qulaq verəndə sanki kimsə «dik dik» deyir. Həm də bu səs vəhşi heyvanları görüncə həyəcan siqnalı rolunu da oynayır. Belə halda Dik-diklər bir göz qırpımında kolluqlarda buxarlanırlar.

 

- Çox ehtiyatlı və çox cəlddirlər. Qısa məsafədə saatda 42 km sürətlə qaça bilirlər. Kiminsə caynağından qurtulub özünü kolluğa atmaq üçün bu bəs edir.

 

- Qızmar günəşin ucbatından bu biçarələr, adətən, səhər, axşam və gecə çağlarında aktivləşirlər. Bir qədər sərin yağış mövsümündə günortalar da yeyib-içməyə çıxırlar.

 

- Dik-dik nə gəldi yemir. 100 ölçüb-bir biçəndən sonra nəsə yeyir. Menyularında, əsasən, kiçik gövdələr, yarpaqlar, güllər, zülaldan bol olan kol toxumlarıdır. Otlamağına da otlayırlar, amma belə xala-xətrin qalmasın deyə. Orqanizmlərinə lazım olan rütubəti bitki və şehlərdən alırlar. Ona görə də su hövzələri olmayan yerlərdə də deyə-gülə yaşaya bilirlər.

 

- Yağış mövsümündən sonra ata-ana olmağa start verirlər. İldə 1-2 dəfə 1 balaları olur. 3-4 ay anasıyla qalan bala dik-dikciyəz daha 6-9 ay ərzində “dədə-baba” yurdunda hərlənir. Ondan sonra valideynləri onları ərazidən qovurlar. Bala da inciyib gedir ailə qurmağa.

 

 

LENT

23 Aprel 2018
21 Aprel 2018
20 Aprel 2018
19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018