Bu gün İlaxır çərşənbə və Novruz bayramıdır

Bu gün xalqımızın ən əziz bayramı Novruz bayramıdır. İlaxır çərşənbə də bu il Novruz bayramı ilə eyni günə təsadüf etdiyi üçün sözün əsl mənasında bayram bayrama qarışıb. İnanca görə, axır çərşənbə Novruzla üst-üstə düşərsə, bu, ən yaxşı əlamət sayılır. İlin uğurlu və bolluq içərisində keçəcəyinə dəlalət edir.

 

Ailem.az xəbər verir ki, son çərşənbə torpağın oyanması, ana torpağın yatmış ağacların köklərini isitməsi ilə bağlıdır. Əvvəlki üç çərşənbədə olduğu kimi, ilaxır çərşənbədə də tonqal qalanır. Lakin bu çərşənbə digərlərindən xüsusi mərasimlərlə fərqlənir. Bəzi bölgələrdə isə ilaxır çərşənbə xüsusi təmtəraqla qeyd olunur. 


İlaxır çərşənbə el arasında həm də niyyət çərşənbəsi, dilək günü kimi məşhurdur. İnanca görə, bu gün ürəkdə tutulan diləklərin hamısı hasil olur. Bu gün evlərdə mütləq xoş sözlər danışılmalıdır. Kimsə qulaq falına çıxıb qapıya gələ bilər. Əgər evdə yaxşı sözlər danışılsa, qapıya gələnin ürəyindəki istəyi gerçəkləşər. Bundan başqa, qız-gəlinlər iki iynəni sapa bağlayıb su dolu qaba sallayırlar, əgər iynələr qabın dibində ağız-ağıza gəlsələr, deməli, bunu sınayan istəyinə çatacaq. İynələr uzaqlaşsalar, işləri müşkülə düşəcək. Yaxud gənc qızlar arxası qapıya dayanıb ayaqqabılarını qapıya doğru atarlarsa və ayaqqabının burnu qapıya tərəf düşərsə, deməli, qız həmin il nişanlanacaq. 
Bir inanc da var ki, almaları nişanlayıb suya atırlar. Almalar suda bir-birinə yaxınlaşsa, bu da niyyətə çatmağa işarədir. 

Xalqın inanclarına görə, tonqal qalanması, şirniyyatlar bişirilməsi, çalıb-çağırmaq, əhvalın yüksək olması yeni, işıqlı günün çağırışıdır. Yəni insan bu mərasimlərlə dolayısı ilə təbiəti idarə edə biləcəyinə, yaşıllığı, günəşi, istiliyi, işığı çağırıb gətirə biləcəyinə, yanan tonqallarla qaranlığı qovub uzaqlaşdıracağına inanıb. Digər tərəfdən, əvvəldən belə adət yaranıb ki, hər kəs bu gün ayaqqabıdan tutmuş papağacan təzə geyinməlidir. Çünki köhnə paltar köhnə ilin qalığıdır. Köhnə ilin ağrı-acısından qurtulmaqdan ötrü isə mütləq təzələnmək lazımdı. 

Bu gün evlərimizdə açılacaq süfrəyə gəlincə, süfrəyə mütləq yeddi cür nemət düzülməli, yumurta boyanmalı, şamlar yandırılmalıdır. Bir çox bölgələrdə, məsələn, Naxçıvanda, Təbrizdə, Ərdəbildə İlaxır çərşənbəyə “Yeddi ləvin” bayramı da deyilir. Bu sözün mənası “yeddi növ”, “yeddi cür nemət” deməkdir. Bu yeddi nemətə səməni, halva, şəkərbura-paxlava, yumurta, meyvələr, qoz-fındıq, meyvə qurusu daxildir. Bu da ona işarədir ki, bütün il boyu süfrəmiz bolluq içərisində olsun. 

Ruzi-bərəkətinizin bol, süfrələrinizin dolu olması diləyi ilə. İlaxır çərşənbəniz və Novruz bayramınız mübarək olsun!


 

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018