Dovşana da bənzəyir, siçovula da... – FOTOLAR

Ailem.az azərbaycanlı fotoqraf Arif Ələkbərin Tanzaniyada Serengeti Milli Parkında çəkdiyi fotoları və məqaləsini təqdim edir.

 

Bu fotodakı dovşansifət var a - bax, o, məni öz dalıyca 1 saat çapdırıb. Savannanın qayalıqlarında ölçüsü 30-58 sm olan bu heyvancığazı görüb, görməmişləyimə salıb, fotoaparatımla qoydum e üstünə ki, aman gündü, gözdən itirərəm, qalaram fotosuz. Nəhayət, uzun sürən tərtökmədən sonra fotolarını çəkə bildim. Özümlə bir partiya qürur duya-duya yollandım nahar yeri üçün hasara alınmış xüsusi yerə. Elə içəri daxil olan kimi görürəm bəhhhh! Bu dovşansifətlərdən itivə tök! Gəzirlər şellənə-şellənə camaatın arasında it-pişik kimi, yemək dilənirlər… Arxalarınca çaparaq qazandığım “mazolları” hələ də bunlara halal edə bilmirəm.

 

- Adı ingiliscə Rock hyrax-dır. Azərbaycanca da mən bilən, Kap damanıdır.

 

- Yaxın Şərqin və Afrikanın çəmənliklərində, savannada yaşayırlar. Amma bir şərtlə ki, yaxınlıqda vəhşi heyvanlardan gizlənə biləcəkləri bolluca qayalıq olsun. Belə baxırsan, yöndəmsiz heyvana oxşayır. Amma düz qayaya da çox asanlıqla dırmaşırlar. Buna da ovuclarındakı yapışqan tər ifraz edən «balışların» hesabına nail olurlar.

 

- Zahiri görünüşündən dovşana bənzərliyi var. Çoxunuz deyəcəksiz, siçovula oxşayır. Amma yox. Qulaqları bir az uzun olsa, kopiya dovşandı. Sadəcə bir az ətli-canlı. Amma belə baxanda balaca qoyuna da oxşayır. Ümumiyyətlə, çox şeyə oxşayır.

 

- Bayaq dediyim kimi, bədəninin uzunluğu 30-58 sm, çəkiləri təqribən 4 kq-dək olur. Dişiləri erkəklərdən daha kiçik olur.

 

- Damanlar sosial heyvanlardırlar. Bu səbəbdən də 80-dək fərddən ibarət olan koloniya halında yaşayırlar. Koloniyaya da dominant erkəklər “şeflik” edir.

 

- Səhərdən axşamadək aktiv həyat sürürlər. Aktiv deyəndə ki, gündüzlər, adətən, qayaların üstündə günəş vannası qəbul edirlər. Ev-eşiklərindən 50 metrdən çox məsafəyə aralanmırlar.

 

- Ot, enliyarpaqlı bitkilər, tırtıllar, həşəratlar filanlar menyularının əsas hissəsini təşkil edir. Bitkilərdən aldıqları rütubətin hesabına bir neçə gün susuz dolana bilirlər. Ağaclara dırmaşıb yarpaqların da başına daş salırlar.

 

- Bellərində nisbətən açıq rəngli ləkə olur. Hürkəndə bu hissədəki tükləri biz-biz olur və həmin yerdən əndrabadi iyli maye çıxaraq hürkdürən obyekti uzaqlaşdırır. Skunslardakı kimi. Amma yalnız damanlarda bu, bel nahiyəsindədir.

 

- Hamiləlik dövrü 6-7 aydır. 2-3 bala doğulur. Yeni doğulan balalar bir neçə saatdan sonra da artıq əməllicə gəzib-dolaşa bilirlər. 10 həftə müddətində ana südü ilə qidalanıb, 2-ci həftədən artıq dişləyə biləcəkləri qidaya keçirlər.

 

- 2 yaşına çatan erkəklər analarına təşəkkür edib gedirlər, dişilər isə elə ata evində qalırlar.

 

- Vəhşi təbiətdə 10 il yaşayırlar. Dişilər erkəklərdən daha çox yaşayır.

 

- Ətləri yeməlidir.

 

 

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018