13 yaşlı azərbaycanlı pianoçu Almaniyada birinci oldu - FOTO

Almaniyanın Baden-Vüttemberq  şəhərində keçirilən beynəlxalq müsabiqədə Azərbaycanı təmsil edən 13 yaşlı Ayla Kəlbiyeva I yeri qazanıb..

 

Ayla Kəlbiyeva Ailem.az-a bildirir ki, müsabiqədə çıxışdan əvvəl o, müsabiqənin rəhbəri, Amerika Konservatoriyasının musiqi bölməsinin dekanı Tamara Padobnayanın bir neçə master-klassında iştirak edib: “Azərbaycandan yeganə iştirakçı mən idim və 12-14 yaş arası iştirakçılar arasında birinci yeri qazandım. Azərbaycan adını deyəndə qürur və fərəh hissi keçirdim. Növbəti master-klasslara, eləcə də sentyabrda Bolqarıstanda  keçiriləcək beynəlxalq müsabiqəyə dəvət olundum”.

 

13 yaşlı istedadlı musiqiçinin arzusu dünyanın istənilən nöqtəsində Azərbaycanın adını ucaltmaqdır. Onun arzularından biri də növbəti beynəlxalq müsabiqədə Qran-pri mükafatını Azərbaycana gətirməkdir.

 

Ayla Kəlbiyeva 5 yaşından fortepianoda ifa edir və Azərbaycan Konservatoriyası nəzdində Milli Gimnaziyada təhsil alır. Bununla yanaşı, artıq bir neçə müddətdir ki, xalq artisti Fidan Hacıyevanın Vokal Musiqi Məktəbində piano və vokal dərsləri keçir. 6 yaşından etibarən Ayla Kəlbiyeva beynəlxalq müsabiqələrə və tədbirlərə qatılır. Bu zamana kimi Malta, İspaniya, İtaliya, Fransa, Almaniya və Amerika səhnələrində çıxış edib.

 

Ayla Kəlbiyevanın istedadından söz açan Fidan Hacıyeva, onun gün ərzində 7 saat fortepiano arxasında ifa etdiyini bildirir: “Ayla çox zəhmətkeş, qeyri-adi istedada malik olan Azərbaycan övladıdır. Mən Aylaya uğurlar arzu edirəm. Bu sənəti sevir və Azərbaycanın adını uca edir. Azərbaycan övladıdır və istedadlı qızımızdır. Azərbaycan gəncliyinin klassik musiqiylə məşğul olması, bu sahənin inkişafı ilə dünyaya səs salmaları məni çox sevindirir. Ayla hər ifası ilə bu sənətə necə bağlı olduğunu nümayiş etdirir. Onun gələcəyi həqiqətən də çox parlaqdır. Çox nadir olur ki, həm fortepianoda peşəkar ifa etməyi bacarasan, həm də vokal ifa edəsən. Ayla bunların hər ikisini bacarır. Aylanın bu uğuru bütün Azərbaycan adına fəxrdir”.  

 

Onu da bildirək ki, Amerika Konservatoriyasında ödənişsiz təhsil almaq üçün Aylaya təklif də gəlib. O, bu təklifi dəyərləndirmək niyyətindədir.

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018