Malyariya: Yenidən epidemiya təhlükəsi varmı?

Azərbaycanda uzun illər epidemiya şəklində yayılan malyariya xəstəliyi ilə bağlı hazırda vəziyyət necədir? Son zamanlar yoluxma halları qeydə alınıbmı? Ölkədə yenidən malyariyanın yayılması ehtimalı varmı? Malyariyanın yayılmasına qarşı hansı tədbirlər görülür?  Ölkəyə gələn əcnəbilərdə malyariya aşkarlanırmı? Bu kimi hallar baş verəndə hansı addımlar atılır?  Azərbaycanda hansı ərazilər malyariya üçün endemik zona sayılır? 

 

APA TV-nin "Öncə sağlıq" layihəsinin növbəti buraxılışında qonaq olan Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Parazitologiya şöbəsinin müdiri Süleyman Məmmədov beş ildir ki, ölkədə malyariyaya yerli yoluxma halları müşahidə olunmadığını deyib. Onun sözlərinə görə, ötən əsrdə Azərbaycanda malyariya ilə bağlı beş böyük epidemiya qeydə alınıb. Son epidemiya zamanı 1994-cü ildən başlayaraq aparılan tədbirlər nəticəsində 2000-ci ilə kimi xəstələnmə səviyyəsi azalmağa doğru gedib. 2013-cü ildən bu günə qədər Azərbaycanda malyariya ilə bağlı yerli yoluxma halı qeydə alınmayıb: "Lakin gətirilmə, Azərbaycan üçün xarakterik olmayan malyariya xəstəliyinə, tropik malyariyaya ildə bir və iki halda, elə il olur ki, 4 dəfə rast gəlinir. Yəni yoluxma xarici ölkələrdə baş verir, amma aşkarlanma burada olur. Bu il cəmi bir nəfərdə - Afrikada komanda ilə birgə idman yarışında iştirak edən Azərbaycan vətəndaşında ölkəyə qayıdandan sonra tropik malyariya aşkarlanıb”.

 

Tropik malyariyanın çox ağır xəstəlik olduğunu deyən S. Məmmədov bu halın azyaşlılar və ahıl yaşlı insanlarda qısa zamanda ölümlə nəticələnə biləcəyini vurğulayıb.

Tropik malyariyanın Azərbaycan üçün xarakterik olmadığını deyən şöbə müdiri həmin xəstəliyi yetişdirə bilən ağcaqanadların hazırda mövcud olmadığını bildirib.

 

Azərbaycan üçün xarakterik olan “üç günlük” malyariyaya 2013-cü ildən sonra yerli yoluxma halı baş vermədiyini açıqlayan şöbə müdiri buna baxmayaraq malyariyaya qarşı tədbirlərin hər zaman yüksək səviyyədə aparıldığını vurğulayıb. Onun sözlərinə görə, ölkəyə gəlib-gedənlər daim diqqət mərkəzində saxlanır. Bu xəstəliklə bağlı şübhəli əlamətləri, yüksək hərarəti olanlar, dalağında, qaraciyərində böyümə, qanazlığı qeydə alınan şəxslər nəzarətə götürülür.

 

Mütəxəssis qeyd edib ki, barmaqdan götürülən qan nümunəsi ilə malyariya diaqnozunun qoyulması mümkündür.

 

S.Məmmədov "üç günlük" malyariyanın xüsusiyyətlərindən danışıb: "Bunu ancaq malyariya ağcaqanadı yoluxdura bilər. Əlamətlər günaşırı baş verir. Əsasən gün batandan sonra bu əlamətlər özünü büruzə verir. Xəstə əvvəlcə üşümə, sonra titrətmə hiss edir. Daha sonra hərarət qalxır. Bir-iki saat davam edəndən sonra hərarət öz-özünə düşür. Bir gün sonra daha kəskin əlamətlər baş verir".  

 

S. Məmmədovun sözlərinə görə, aran və dağətəyi rayonlarından fərqli olaraq dağlıq bölgələr, eləcə də Bakının mərkəzində malyariya təhlükəsi yoxdur.

 

Mütəxəssis deyib ki, malyariyaya yoluxan şəxs müvafiq standartlara uyğun 17 günlük dərman müalicəsi qəbul edərsə, tam sağalır, xəstəliyin yenidən qayıtma riski çox aşağı olur: "Dərmanı 17 gün yox, daha az qəbul edən şəxslərdə isə ağırlaşma qeydə alınır. Müvafiq müalicə qəbul olunmasa, bu, qaraciyər sirrozuna qədər gətirib çıxarır”.

 

"Öncə sağlıq" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018